6a3aa8eaead7a6a3aa8eaead7b17822292266a3aa8eaead776a3aa8eaead78

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Globalinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə müdafiə çıxışını davam etdirmək üçün söz təqsirləndirilən Levon Mnatsakanyana verilib. O, bir həftə əvvəl keçirilmiş məhkəmə iclasında başladığı müdafiə çıxışını davam etdirərək fikirlərini səsləndirib. L.Mnatsakanyan ittiham tərəfinin təqdim etdiyi videomaterialın və istinad etdiyi faktların məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edib. O, özünə qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.

Daha sonra təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin apellyasiya şikayəti verdiyini və həmin şikayəti dəstəklədiyini bildirib. Ardınca çıxış edən Erik Qazaryan özünü təqsirli hesab etmədiyini qeyd edib və müdafiəçisinin səsləndirdiyi mövqeyi təsdiqləyib.

Sonra təqsirləndirilən Qarik Martirosyanın vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir.

Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Q.Martirosyanın cəzasının yüngülləşdirilməsini və bəzi maddələrin ittihamdan xaric olunmasını xahiş edib.

Sonra təqsirləndirilən Qarik Martirosyan çıxış edib. O, özünü təqsirli bilmədiyini bildirib.

Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarını qoruduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Balayan müdafiəçisinin çıxışı ilə razılaşdığını deyib.

Təqsirləndirilən Qurgen Stepanyanın hüquqlarını müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Qurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

6a3aa8eab57216a3aa8eab572217822292266a3aa8eab571f6a3aa8eab5720 6a3aa8eac847d6a3aa8eac847e17822292266a3aa8eac847a6a3aa8eac847c 6a3aa8ead6eca6a3aa8ead6ecb17822292266a3aa8ead6ec86a3aa8ead6ec9 6a3aa8eb1e58f6a3aa8eb1e59017822292266a3aa8eb1e58d6a3aa8eb1e58e 6a3aa8eb3dfc26a3aa8eb3dfc317822292266a3aa8eb3dfc06a3aa8eb3dfc1 6a3aa8eb4c1f56a3aa8eb4c1f617822292266a3aa8eb4c1f26a3aa8eb4c1f4 6a3aa8eb09a126a3aa8eb09a1317822292266a3aa8eb09a0f6a3aa8eb09a10 6a3aa8eb313516a3aa8eb3135217822292266a3aa8eb3134e6a3aa8eb3134f 6a3aa8eb672296a3aa8eb6722a17822292266a3aa8eb672266a3aa8eb67228 6a3aa8ec063056a3aa8ec0630617822292266a3aa8ec063016a3aa8ec06303 6a3aa7c0a26426a3aa7c0a264317822289286a3aa7c0a26406a3aa7c0a2641

Paylaş: