krikerc

Ukraynanın Krım və Kerç boğazı istiqamətində həyata keçirdiyi son PUA hücumlarından ardından regionun strateji əhəmiyyəti yenidən gündəmə gəlib. Belə ki, hücumlar nəticəsində Kerç ilə “Qafqaz” limanları ətrafındakı neft və logistika infrastrukturuna ziyan dəyib. Bildirilir ki, Rusiya üçün əsas nəqliyyat və hərbi təchizat marşrutlarından sayılan Kerç boğazına yönələn belə hücumlar bölgədəki hərbi fəaliyyətə, eləcə də təchizat zəncirinə ciddi təsir göstərə bilər.

Kerç istiqamətində hücumların intensivləşməsi Rusiyanın Krımla bağlı hərbi təchizat və logistika imkanlarını zəiflədə bilər? Bu, müharibənin növbəti mərhələsinə təsir göstərəcəkmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu, Rusiyanın Krımdakı logistikasına birbaşa təzyiqdir:

“Çünki Kerç körpüsü, Kerç və “Qafqaz” limanları Krımın yanacaq, texnika, sursat, canlı qüvvə təminatında əsas xətlərdən sayılır. Son hücumlarda yanacaq infrastrukturu və liman obyektlərinin hədəfə alınması təsadüfi deyil. Ukrayna Krımı tam işğal altındakı “arxa cəbhə” statusundan çıxarıb, onu davamlı risk zonasına çevirməyə çalışır. Bu, Rusiyanın təchizat sürətini azalda, alternativ marşrutlara yükü artıra və Krımdakı hərbi obyektlərin fəaliyyətini bahalaşdıra bilər”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, bu hücumlar müharibənin taleyini dərhal dəyişə bilməz:

“Daha real ssenari odur ki, Ukrayna Kerç xəttini ardıcıl vurmaqla Rusiyanın Krım üzərindən cənub cəbhəsini təmin etmək imkanlarını tədricən zəiflədir. Əgər bu zərbələr davamlı xarakter alsa, Rusiya hava hücumundan müdafiəni, logistikanı və ehtiyat yanacaq daşınmasını yenidən bölüşdürməli olacaq. Bu isə müharibənin növbəti mərhələsində Ukraynaya taktiki üstünlük verə bilər. Yəni Krım artıq yalnız siyasi-simvolik hədəf deyil, Rusiyanın cənub əməliyyatlarının zəif nöqtəsi kimi də önə çıxır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: