Ermənistan mətbuatında yayılan iddialara görə, Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarında konstitusiyanın dəyişdirilməsi əvəzinə fərqli təminatlar təqdim etməyə çalışır. Bildirilir ki, o, revanşist qüvvələrin təsirinin aradan qaldırılması və keçmiş hakimiyyət nümayəndələrinə qarşı sərt addımlar atılması kimi variantları önə çəkərək rəsmi Bakını mövqeyini yumşaltmağa razı salmağa cəhd edir.
Konstitusiya dəyişikliyi əvəzinə Köçəryan, Sərkisyan və digər revanşist fiqurlara qarşı sərt addımlar atılarsa, Bakı Paşinyanın bu təklifinə razı ola bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Şakir Ağayev deyib ki, Paşinyan seçkilərin nəticələri hələ Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən yekun təsdiqlənməmiş öz siyasi rəqiblərinə qarşı cinayət işlərinin açılmasına başlayıb:
“Bu proses Robert Köçəryan, Samvel Karapetyanın siyasi çevrəsi və Qagik Tsarukyan da daxil olmaqla müxalif qüvvələri əhatə edir. Eyni zamanda seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciətlər olunub. İddia edilir ki, seçkilərdə saxtakarlıq halları baş verib. Fikrimcə, Paşinyan bununla həm Ermənistan cəmiyyətinin diqqətini daxili proseslərə yönəldir, həm də Azərbaycana müəyyən siyasi mesaj verməyə çalışır”.
Ş.Ağayevin fikrincə, Paşinyan belə bir görüntü yaradır ki, guya müxalifətin müqaviməti səbəbindən konstitusiyanı dəyişə bilmir və buna görə də Azərbaycanla münasibətlərin tam normallaşması mümkün olmur:
“Lakin hesab etmirəm ki, Azərbaycan bu arqumenti qəbul edər. Bizim üçün əsas məsələ konkret şəxslər deyil. İstər Köçəryan olsun, istər Paşinyan, istərsə də digər siyasi qüvvələr, Azərbaycanın mövqeyi dəyişmir. Köçəryan barəsində Azərbaycanda cinayət işi açılıb və o, Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan şəxslərdən biri hesab olunur. Ancaq söhbət təkcə şəxslərdən getmir. Azərbaycan dəfələrlə bəyan edib ki, əsas tələb Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yaradan müddəaların aradan qaldırılmasıdır. Xüsusilə Ermənistanın Müstəqillik Bəyannaməsinə edilən istinad və orada Qarabağın Ermənistanın tərkib hissəsi kimi təqdim olunması Bakı tərəfindən konstitusion səviyyədə ərazi iddiası kimi qiymətləndirilir. Bu məsələ həll olunmadan sülh müqaviləsinin imzalanmasının mümkün olmadığı Azərbaycanın rəsmi mövqeyidir”.
Şakir Ağayev
Müsahibimiz əlavə edib ki, Ermənistanda hakimiyyətə kimin gəlməsi Azərbaycanın əsas yanaşmasını dəyişmir:
“İstər Köçəryan, istər Sarkisyan, istər Paşinyan, istərsə də başqa siyasi qüvvə hakimiyyətdə olsun, Azərbaycanın irəli sürdüyü əsas şərt dəyişməz qalır. Paşinyanın özü də çətin siyasi vəziyyətdədir. O, parlamentdə hökumət qurmaq üçün kifayət qədər mandat əldə etsə də, konstitusiyanı dəyişmək üçün tələb olunan konstitusion çoxluğa malik deyil. Bununla yanaşı, hesab edirəm ki, Paşinyan Konstitusiyanı dəyişməkdə də ciddi maraqlı görünmür. Daha çox həm Ermənistan cəmiyyətinə, həm də Azərbaycana hesablanmış siyasi oyun aparır”.
Şakir Ağayev deyib ki, əgər Paşinyan həqiqətən konstitusiyanı dəyişmək niyyətində olsaydı, bunun üçün kifayət qədər vaxtı var idi:
“Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra referendum keçirmək və bu prosesi başa çatdırmaq imkanına malik idi. Həmin dövrdə Paşinyanın siyasi mövqeyi də indiki ilə müqayisədə daha güclü idi. Lakin o, bu addımı atmadı və görünən odur ki, bunu etmək niyyətində də deyil. Hətta bu prosesi növbəti seçkilərdən sonraya saxlamaq ehtimalı da istisna edilmir. Nəticə etibarilə, hesab edirəm ki, bu cür siyasi gedişlər Azərbaycan üçün keçərli deyil. Azərbaycanın mövqeyi kifayət qədər aydındır və dəyişməz olaraq qalır: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yaradan müddəalar aradan qaldırılmayana qədər sülh prosesində prinsipial dəyişiklik gözlənilmir. Buna görə də Paşinyanın daxili siyasi manevrləri və ya müxalifətlə mübarizəsi Azərbaycanın əsas mövqeyinə təsir göstərmir”.
Zaira Akifqızı
Globalinfo.az