“Mərkəzi Asiya və qonşu ölkələrlə əməkdaşlığımızın dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Tacikistanda jurnalistlərə deyib.
O bildirib ki, Gürcüstan yeddi ölkəni Qara dənizə və Qərb məkanına bağlayır, ticari-iqtisadi baxımdan bu potensialdan maksimum dərəcədə istifadə etmək vacibdir:
“Buna görə də, Tacikistanla əməkdaşlığımızı dərinləşdirmək də vacibdir. Yaxınlarda Qırğızıstana səfər etdik, tezliklə Qazaxıstana gedəcəyik, iyulda Özbəkistan və Türkmənistan prezidentləri Gürcüstana gələcəklər. Münasibətlərimizdə çox yaxşı dinamika var, bütün bunlar tranzit funksiyamızın inkişafına töhfə verəcək”.
Kobaxidze qeyd edib ki, kommunikasiyalar və tranzit funksiyalarını gücləndirmək üçün böyük investisiyalar qoyulur:
“Biz qonşu ölkələrlə münasibətlərimizin inkişafına da böyük əhəmiyyət veririk. Azərbaycan, Ermənistan, Türkiyə ilə əla münasibətlərimiz var, həmçinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərimizi maksimum dərəcədə inkişaf etdiririk. Gürcüstan bu proseslər əsasında öz iqtisadi potensialından istifadə baxımından daha da irəli gedəcək. Bu, bizim əsas prioritetlərimizdən biridir”.