İspaniya millisinin hücumçusu Borxa İqlesias DÇ-2026 zamanı qəribə hadisə ilə üzləşib.
Globalinfo.az qol.az-a istinadən xəbər verir ki, Kabo-Verde ilə qolsuz bərabərlikdən (0:0) sonra İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandaya istirahət günü verib.
İqlesias sevgilisi ilə birlikdə yığmanın məskunlaşdığı Çattanuqa şəhərində gəzintiyə çıxıb. Lakin otelə qayıdarkən gözlənilməz problemlə qarşılaşıb.
Belə ki, təhlükəsizlik əməkdaşları futbolçunu tanımayıb və onu otelin ərazisinə buraxmaqdan imtina ediblər. İspaniyalı hücumçu mühafizəçilərə:
“Mən milli komandanın futbolçusuyam. İçəri daxil olmalıyam” – deyib. Lakin ondan buraxılış kartını göstərməsi istənilib və həqiqətən də millinin üzvü olub-olmadığı soruşulub. Nəticədə İqlesias yığmanın nümayəndələri ilə telefon əlaqəsi saxlamalı olub.
Yalnız bundan sonra onun otelə girişinə icazə verilib.