
Ağdam rayonunun Xaçınçay qəsəbəsində yaranmış sel təhlükəsi aradan qaldırılıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, əraziyə cəlb olunan xüsusi texnikalar vasitəsilə çayın öz məcrasına qaytarılması istiqamətində zəruri tədbirlər görülüb.
Ağdam Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə APA-nın yerli müxbirinə bildirib ki, profilaktik tədbirlər yalnız həmin ərazidə deyil, digər riskli istiqamətlərdə də davam etdirilir və təhlükə demək olar ki, tamamilə aradan qaldırılıb.
Sel nəticəsində qaz təchizatı dayandırılan 60 fərdi yaşayış evinə də təbii qazın verilişi bərpa olunub.
Bundan əlavə, ərazidə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbətçilik təşkil olunub.
***18:57
Ağdam rayonunda Xaçınçay çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində yaranan sel suları yaşayış məntəqəsində ciddi fəsadlara səbəb olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində çayda suyun səviyyəsi artıb.
Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyaraq nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb.
Təbiət hadisəsi nəticəsində yaşayış evlərinə gedən qaz xətti də zədələnərək sıradan çıxıb. Bundan əlavə, sel sularının yaşayış evlərinə yaxınlaşması ərazidə təhlükəli vəziyyət yaradıb.
Hazırda hadisə yerinə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub. Təhlükənin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.