baki 9 900x506 1

16–19 iyun tarixlərində Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumunun (PSF 2026) keçiriləcək.

Globalinfo.az xəbər verir ki, İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil edilən Forum Prezident İlham Əliyevin ali himayəsi altında, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO)tərəfdaşlığı ilə baş tutacaq.

“Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında keçiriləcək PSF 2026 davamlı iqtisadi artımın təşviqində, ticarət və investisiya axınlarının genişləndirilməsində, eləcə də İİB-ə üzv ölkələr arasında strateji tərəfdaşlıq imkanlarının reallaşdırılmasında özəl sektorun həlledici rolunu gücləndirmək məqsədi daşıyır.

Yüksək vəzifəli dövlət rəsmiləri, aparıcı yerli və beynəlxalq şirkətlərin prezidentləri və baş icraçı direktorları, çoxtərəfli inkişaf institutları, ticarət və sənaye palataları, biznes assosiasiyaları, investisiyaların təşviqi agentlikləri, investorlar, sahibkarlar və maliyyə qurumlarının nümayəndələri də daxil olmaqla, tədbirin 1500-dən çox iştirakçını bir araya gətirəcəyi gözlənilir.

Panel müzakirələri və əsas məruzələrlə yanaşı, PSF 2026 çərçivəsində tərəfdaşlara öz layihələrini, xidmətlərini və investisiya imkanlarını nümayiş etdirmək imkanı yaradan xüsusi sərgi platforması da fəaliyyət göstərəcək. Forum həm də innovasiyaların təşviqi və perspektivli biznes ideyalarının ön plana çıxarılması məqsədi daşıyan startap müsabiqəsinə ev sahibliyi edəcək.

Paylaş: