“Pakistan Baş naziri Şahbaz Şərifin ABŞ və İran arasında sülh sazişinin növbəti 24 saat ərzində imzalanacağı barədə açıqlaması Yaxın Şərq diplomatiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”.
Bu sözləri Globalinfo.az-a politoloq Aydın Tağıyev deyib.
Onun sözlərinə görə, bu bəyanat həm regional, həm də qlobal miqyasda bir sıra siyasi nəticələr doğurur:
“Mövzuya diplomatik aspektdən baxdıqda Pakistanın vasitəçilik rolunu əyani şəkildə görə bilərik. Rəsmi İslamabadın bu prosesdə fəal iştirakı onun regional diplomatiyada nüfuzunu artırır və Pakistanı yeni “sülh platforması” kimi mövqeləndirir. Hesab edirəm, ABŞ-İran münasibətləri mövzusunda sazişin imzalanması iki ölkə arasında uzun illərdir davam edən gərginliyi yumşalda, qarşılıqlı etimadın bərpasına zəmin yarada bilər”.
Aydın Tağıyev
A. Tağıyevin fikrincə, burada sanksiyaların ləğvi məsələsi qarmaqarışıq proseslərin içindədir:
“Əgər saziş reallaşarsa, İran üzərindəki iqtisadi təzyiqlərin azaldılması gündəmə gələ bilər. Yaxın Şərq ölkələri təhlükəsizlik baxımından bu sazişin imzalanmasında maraqlıdır, çünki saziş bölgədəki gərginliyi azaldaraq yeni təhlükəsizlik arxitekturasına yol aça bilər”.
Politoloq qeyd edib ki, əgər sülh sazişi imzalanarsa, müvəffəqiyyətli vasitəçilik İslamabadın bölgədə etibarlı tərəfdaş statusunu möhkəmləndirər:
“Bu saziş enerji bazarlarına da ciddi təsir göstərə bilər. ABŞ-İran münasibətlərinin yumşalması neft qiymətlərində sabitlik yarada bilər. Nüvə silahlarının yayılmaması rejiminin güclənməsi, digər tərəfdən beynəlxalq diplomatiyanın da uğuru üçün mühüm addım ola bilər. Şahbaz Şərifin bəyanatı göstərir ki, ABŞ və İran arasında tarixi sülh sazişi imzalanmaq üzrədir. Bu sənəd yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də Yaxın Şərqdəki geosiyasi balansı dəyişdirə bilər. Pakistanın vasitəçilik rolu isə bu prosesdə yeni diplomatik güc mərkəzi kimi önə çıxır”.
Zaira Akifqızı
Globalinfo.az