Rusiya Prezidenti Vladimir Putin Ukraynanın infrastruktur obyektlərinə qarşı hücumların daha da gücləndiriləcəyini bəyan edib. Rusiya lideri bunu “xüsusi hərbi əməliyyat” iştirakçıları ilə görüşü zamanı bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya hərbçiləri Ukrayna tərəfindən mülki obyektlərə edilən hücumlara cavab verir və bu istiqamətdə zərbələrin intensivliyi artırılacaq.
“Onlara layiqli cavab vermək növbəti vəzifədir. Biz bunu edirik və düşmənin infrastrukturuna zərbələrimizi artıracağıq. Belə olan halda onların mülki obyektlərimizə hücum etmək istəyi aradan qalxacaq”, – deyə Putin vurğulayıb.
Putin əlavə edib ki, Ukrayna ordusu müəyyən ziyan vursa da, Rusiyaya ciddi problemlər yarada bilmir. Buna rəğmən Rusiya ordusunun döyüş bölgəsində irəliləyişi istənilən sürətlə getmir.
Prezident həmçinin NATO-nun genişlənməsini tənqid edərək, İsveç və Finlandiyanın alyansa qoşulmasını Rusiyaya qarşı atılmış addım kimi qiymətləndirib.
“Bütün NATO ölkələri istisnasız olaraq Rusiyaya qarşı səylərini artırırlar. Onlar düşünürlər ki, münaqişəni öz xeyirlərinə başa çatdıra biləcəklər”, – deyə Putin vurğulayıb.
Əliyar Xəlil