İsrail hakimiyyəti ABŞ-ı Tehrana məxsus dondurulan aktivləri azad etməməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” İsraildən olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər arasında hazırlanan memorandum layihəsində İrana məxsus 24 milyard dollar vəsaitin yekun danışıqlar başa çatmadan blokdan çıxarılması nəzərdə tutulur. Sənədə əsasən, həmin məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İrana təqdim edilməlidir.
CBS News-un iki mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ və İran gələn həftənin əvvəlində qarşılıqlı anlaşma memorandumu imzalamağa hazırlaşır. Bundan sonra tərəflər yekun sülh sazişi ilə bağlı 60 günlük danışıqlara başlayacaqlar. Mənbələrin bildirdiyinə görə, zərurət yaranarsa, bu müddət uzadıla bilər.
Məlumata əsasən, memorandumda bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılması, Tehrana qarşı dəniz blokadasının tam ləğvi, Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpası və ABŞ qüvvələrinin İranla həmsərhəd ərazilərdən çıxarılması kimi müddəalar da yer alıb.
Lakin Netanyahu Trampdan İranla sülh razılaşmasına rəğmən dondurulan aktivləri geri verməməyi tələb edib.
Əliyar Xəlil