“Azərbaycanda iqtisadi artım tempinin zəifləməsi struktur islahatların sürətləndirilməsi və investisiya həcminin artırılması zərurətini ortaya qoyur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli səsləndirib.
O bildirib ki, dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra olunsa da, ümumi iqtisadi artım göstəricilərində azalma müşahidə edilir:
“Ümumi daxili məhsulun (ÜDM) artımı proqnozlardan aşağı olub və bu vəziyyət əsasən neft sektorunda geriləmə ilə əlaqələndirilir. Cari ilin ilk aylarında qeyri-neft sektorunda artım cəmi 0,4 faiz təşkil edib ki, bu da ciddi siqnaldır”.
Əli Məsimli investisiya səviyyəsinin aşağı düşməsinin iqtisadi dinamikanı zəiflətdiyini vurğulayıb və onun ÜDM-də payının 13 faizdən də aşağı olduğunu qeyd edib:
“Dayanıqlı və sürətli artım üçün bu göstərici ən azı 25 faizə çatdırılmalıdır. Dövlət investisiyaları mühüm rol oynasa da, iqtisadi artımın yeganə təminatçısı deyil və əlavə islahatlara ehtiyac var. Prezident İlham Əliyevin “təbii sərvətlər tükənir, intellektual potensial isə tükənməz sərvətdir” fikrini xatırlamaq lazımdır. Bu sahəyə daha çox sərmayə yatırılması vacibdir. Hazırda Azərbaycanda elm sahəsinə ayrılan vəsaitin ÜDM-in təxminən 0,4 faizi olduğu bildirilir”.
Deputat elmi işçilərin əməkhaqlarının orta ölkə göstəricisindən aşağı olduğunu da vurğulayaraq, bu sahədə maliyyələşmənin artırılmasını vacib sayıb.
Safura Bənnayeva
Globalinfo.az