1638885894 1589352720 manathesabunvan

“İqtisadi inkişaf və onun icrası, eləcə də mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi fonunda, ölkəmizdə davam edən iqtisadi islahatlara baxmayaraq, dövlət başçısının rəhbərliyi altında makroiqtisadi sabitlik qorunub, iqtisadi artım təmin edilib. Dövlət siyasətinin əsas prioritetləri nəzərə alınmaqla bütün tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilib”.

Globalinfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə böyük infrastruktur layihələri icra olunur, müxtəlif sahələrdə rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilir, dayanıqlı və innovativ iqtisadiyyatın qurulması istiqamətində addımlar atılır, xarici investisiyalar cəlb olunur və yerli istehsalın gücləndirilməsi təmin edilir. Bu siyasətin əsasını davamlı inkişaf və şəffaf idarəetmə prinsipləri təşkil edir”, – nazir bildirib.

S.Babayev qeyd edib ki, bu yanaşma 2025-ci ildə dövlət büdcəsinin icrasında da öz aydın əksini tapıb:

“Büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial layihələrin icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş milli prioritetlərinə doğru inamlı irəliləyiş təmin olunub.

Müstəqil Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu son illərdə ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında rolunu əhəmiyyətli dərəcədə artırıb.

2025-ci ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və 129,1 milyard manat təşkil edib. Adambaşına düşən ümumi daxili məhsul isə artaraq 13,6 min manata çatıb.

İqtisadi inkişafın əsas göstəricilərindən biri kimi qeyri-neft sektorunun dinamik artımını qeyd etmək lazımdır. 2025-ci ildə qeyri-neft sektorunda 10,7 faiz artım əldə olunub, ÜDM-in 72 faizi, yaxud 92,3 milyard manatı bu sektorun payına düşüb. Bu göstərici 2024-cü illə müqayisədə 6,1 milyard manat çoxdur.

Qeyri-neft ixracı 8,1 faiz artaraq 3,6 milyard ABŞ dollarına çatıb. Tədiyyə balansının profisitli olması, maliyyə və fiskal siyasətin səmərəli əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub”.

Nazirin sözlərinə görə, 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb:

“Hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı isə 9,3 faiz artıb. Hər iki göstərici inflyasiya səviyyəsini üstələyərək ölkədə sosial rifahın yaxşılaşdığını bir daha təsdiq edir.

Cari ilin əvvəlindən ölkənin məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 17,7 faiz səviyyəsində olub, bu göstərici üzrə borc dayanıqlılığı yüksək səviyyədə qorunub. Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Bu isə makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmə qabiliyyətinin mühüm təminatıdır.

2025-ci ildən etibarən “Azeri Light” markalı xam neftin bir barelinin dünya bazarlarında orta satış qiyməti təxminən 73 ABŞ dolları səviyyəsində olub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: