Cari ilin 11 iyun tarixində Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilmişdir.
Globalinfo.az bildirir ki, iclası giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov keçirilməsi nəzərdə tutulan Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlıq işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirilmişdir ki, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təsdiq edilmiş İş planının icra vəziyyəti Koordinasiya Şurasının və aidiyyəti dövlət orqanlarının diqqət mərkəzindədir.
İclasda Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aidiyyəti dövlət orqanları tərəfindən görülmüş və görüləcək işlər barədə Koordinasiya Şurası üzvlərinin təqdim etdiyi məlumatlar dinlənilmiş və müzakirə edilmişdir.
Eyni zamanda, “Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsi” hesabatı Koordinasiya Şurası tərəfindən təsdiq edilmişdir və Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər nəzərdən keçirilmişdir.