Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin aparatından məlumat verilib.
“Öz adımdan və xalqım adından iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində rəhbərlik etdiyiniz “Vətəndaş Müqaviləsi” partiyasının qazandığı uğur münasibətilə sizi ürəkdən təbrik edir, hökumətin formalaşdırılması işində uğurlar arzulayıram”,- o qeyd edib.
R.T.Ərdoğan regionda sülh və sabitliyin təmin olunması ilə bağlı N.Paşinyanın strateji baxışlarının uğurla həyata keçiriləcəyinə inamını ifadə edib:
“Regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması, habelə zəruri əməkdaşlığın təmin edilməsi istiqamətindəki strateji baxışınızın uğurla başa çatacağına tam əminəm”.
X X X
Pakistan Azərbaycan və Ermənistan arasındakı sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verir.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin parlament seçkilərində “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı təbrik məktubunda deyilir.
“Mən Pakistan-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi məqsədilə sizinlə əməkdaşlıq etmək imkanını səbirsizliklə gözləyirəm və vurğulamaq istərdim ki, Pakistan Azərbaycan və Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verir”, – məlumatda bildirilib.
Şərif həmçinin bildirib ki, Ermənistanın Baş nazirinin yeni səlahiyyət müddətinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə, eləcə də iqtisadi inkişafa töhfə verəcəyinə ümid edir.