Azərbaycanın apardığı uğurlu xarici diplomatik fəaliyyət Türkiyə, İsrail, Böyük Britaniya, Pakistan, Çin kimi ciddi müttəfiqlərin qazanılmasına gətirib çıxarıb. Lakin mövcud siyasi vəziyyət qarşısında bu məqam çox qabardılmır.
Avropa Birliyinin, onun bəzi institutlarının ölkəmizə təzyiqləri isə erməni diasporunun iradəsi və pulu hesabına həyata keçirilir.
Maraqlıdır, erməni lobbisi və diasporunun maliyyəsi Azərbaycana təzyiq edən Qərbin fəaliyyətini qeyd edilən müttəfiq ölkələr vasitəsilə bloklamaq olar?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Türkiyə, İsrail, Böyük Britaniya, Pakistan, Çin kimi ölkələr kifayət qədər güclü, bir o qədər də dünya çapında nüfuzu olan ölkələrdir:
“Azərbaycanın bu ölkələr ilə əlaqələr qurması, əməkdaşlıq etməsi bizə əlavə dividentlər qazandırır. Ermənistandan fərqli olaraq Azərbaycan buna özünü yazıq, məzlum kimi göstərərək deyil, əksinə, hərbi-siyasi, iqtisadi gücü hesabına nail olub. Yəni bu ölkələr Azərbaycanı özü səviyyəsində görərək regionda, habelə geosiyasi müstəvidə etibarlı tərəfdaş və müttəfiq sayır.
Qabil Hüseynli
Əlbəttə ki, bu ölkələrin dəstəyi ilə Qərbin ölkəmizə təzyiqinin qarşısını almaq mümkündür. Lakin Azərbaycan daha çox BMT Təhlükəsizlik Şurasının verdiyi qərarlarda bu ölkələrin dəstəyini istəməsi daha doğru olar.
Misal üçün, ötən ilin sonlarında Fransanın qəbul etmək istədiyi antiazərbaycan qətnaməsinin qarşısı adıçəkilən ölkələrdən Böyük Britaniya, Rusiya və digərlərinin müdaxiləsi ilə alındı. Hesab edirəm, bu və bu kimi ciddi məqamlarda müttəfiqlərimizin dəstəyini tələb edə bilərik”.
Turan Rzayev
Globalinfo.az














