kilicdaroglu 0

Məhkəmənin qərarı ilə yenidən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə qayıdan Kamal Kılıçdaroğlu bəzi şəxslərin partiya sıralarından uzaqlaşdırılacağını açıqlayıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, çıxışında Özgür Özəlin CHP-nin son qurultayında rüşvətlə seçildiyinə də eyham vurub.

“Təmizlənəcəyik, bütün çirkablardan təmizlənəcəyik. Təmiz siyasət aparacağıq. Çirkli işlərlə məşğul olanların hamısının fəaliyyətinə son qoyacağıq. Bu partiya dövlətə istiqamət verən partiyadır. Dövlət quran, dövlət inşa edən partiyadır. Əxlaqı ən dərin qatlarınadək qoruyan, zəhmətkeş partiyadır. Birlikdə fədakarlıqla çalışacağıq. İradəsini pulla alıb-satanlardan bu partiyanı xilas etməsəm, namərdəm”, – Kılıçdaroğlu bildirib.

CHP sədri yeni qurultayın anonsunu verib: “Əxlaqlı və ərdəmli qurultayı mütləq keçirəcəyik. Heç kim qapalı qapılar arxasında şəxsi hesablar aparmayacaq”.

Həmçinin Özgür Özəli hədəfə alan Kamal Kılıçdaroğlu əlavə edib: “CHP tarixinin heç bir dövründə gecə klublarında qurultay sövdələşmələri aparılmayıb. Bunu dediyim üçün məni tənqid edirlər. Əxlaqlı, fəzilətli və təmiz olmaq lazımdır. Bunlar CHP-nin fitrətində var. Ədalətin olmadığı yerdə, sevginin olmadığı yerdə nizam olmaz. “Mən sənə pul verim, sən də mənə səs ver” – partiya belə bir şeyi qəbul edə bilməz. İradəsini pulla satanlara bu partiyada yer yoxdur. Onlar bu partiyada olmayacaqlar”.

Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu yenidən vəzifəyə qaytarılıb.

Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrini ləğv edən məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan səsvermə partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən nəticələr mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.

Paylaş: