bakiii 900x509 1

1993-cü il 4 iyun Gəncə qiyamı zamanı Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı olmuş Fəhmin Hacıyev hadisələrlə bağlı maraqlı fikirlər səsləndirib.

O, Globalinfo.az-a açıqlamasında qiyam zamanı girov düşməmək üçün hansı yollarla xilas olduğunu da açıqlayıb.

“Əslində, 4 iyun qiyamı zamanı məni girov götürə bilməmişdilər. Düzdür, məni də digərləri ilə birlikdə girov götürmək istəyirdilər, amma mən qaçmağı bacardım. Onlar bizi mühasirəyə almışdılar, körpünün üzərində giriş və çıxışı bağlamışdılar. Biz isə orada (sabiq müdafiə naziri) Dadaş Rzayevi tapmaq istiqamətində gedirdik. Bizə lazım idi öyrənək ki, bu nə oyundur, adam rəhbərlik edir, amma ortalıqda heç nə yoxdur. Körpünün təqribən ortasında, Gəncəçayın üzərində 30-a yaxın silahlı şəxs maşınımızın qarşısını kəsdi. Biz də xidməti avtomobildə idik. Orada artıq bizi girov götürəcəkdilər. Mən əmr verdim ki, təslim olmayın, qaçaq! Lakin əmri icra etməyə imkan olmadı. Girov düşməmək üçün isə təxminən 5 metr hündürlükdən aşağı tullandım. Yaxınlıqdakı ağacların arxasına keçəndə mənə atəş açmağa başladılar. Xoşbəxtlikdən sağ qaldım. Mən də havaya cavab atəşi açdım. Çünki bizim orada adamlarımız var idi. Artıq onları girov götürüb gedirdilər”, -deyə F.Hacıyev qeyd edib.

Fəhmin Hacıyev qaçaraq Tovuza getdiyini bildirib:

“Oradan çıxanda sürücü məni tanımışdı və uzaqlaşmağa kömək etdi. Həmin adam məni Tovuza apardı. Orada geyimimi dəyişdim, mülki forma geyindim. Yoldaşım əslən tovuzlu olduğu üçün qohumlar mənə bu işdə dəstək oldular. Tovuzun bacarıqlı rəisi var idi, onunla məsləhət etdik ki, Gəncəyə qayıdaq. O da diqqət cəlb etməyəcək köhnə bir maşın götürdü, getdik Gəncəyə. Oraya fərqli yollarla daxil olduq. Surət Hüseynovun hərbi hissəsinin yanına gəldik. Milli Qvardiya artıq gülləboran olunmuşdu. Gəncə tamamilə qiyamçıların nəzarətində idi. Oradan biz Ağdama getdik. Orada bizim ehtiyatda olan zərbə qüvvəmiz var idi. Ağdamda əmr hazırlayıb qərargaha göndərdim. Bakıda İsgəndər Həmidov həmin günlərdə mitinq elan etmişdi. Anti-hökumət mitinqi olduğu üçün də Daxili Qoşunlar Gəncədə şəxsi heyətlə təmsil olunmurdu.

WhatsApp Image 2024 05 29 at 11.01.15

Dadaş Rzayev

Cəmi 120 nəfər çağırışçı var idi, onlar da post-patrul xidmətində idilər. Yəni orada qüvvəmiz olmadığı üçün bir tək postda dayanırdılar. Amma Bakıda 400-ə yaxın əsgər var idi. Onlar da daxili işlər naziri Abdulla Allahverdiyevin əmri ilə İsgəndər Həmidovun keçirdiyi mitinq zamanı dövlət obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakıda saxlanılmışdı. Deyilmişdi ki, dövlət binalarına basqın olacaq. Biz isə operativ məlumat əsasında hərəkət edirdik. Artıq iş-işdən keçdikdən sonra İsgəndər Həmidovun mitinqinin alınmayacağı məlum oldu və biz bunu elan etdik. Ondan sonra Bakıdakı qüvvələrin Gəncə istiqamətində hərəkətinə əmr verdim. Ağdamdakı döyüşçü qüvvələrin də Goranboya gəlməsini əmr edib, özüm də ora gəldim”.

Sabiq komandan daha bir maraqlı məqama toxunub:

“Goranboyda olan zaman artıq Məmməd Zeynalov (o vaxtkı ədliyyə nazirinin müavini-red.) və yanındakı şəxslər mühasirədə idilər. Orada Gəncə istiqamətində üzüm bağları var idi. Onların vasitəsilə qısa yolla Gəncə hava limanına getmək mümkün idi. Biz əməliyyat hazırladıq ki, qiyamın qarşısı alınsın. Bizim qüvvələr Bakıya qayıtdıqda aralarında bir nəfər bölük komandiri, əslən gəncəli Mürvətov ona tabe olan şəxsi heyəti də götürüb Surət Hüseynovun tərəfinə keçmişdi. Yerdə qalanlar Goranboya gəldi, xəritələr işlənildi. Mənim müavinim Səfixan Bayramov indi Daxili Qoşunlarda Veteranlar Şurasının sədr müavinidir. Onunla əməliyyata hazırlaşan zaman polkovnik Arif Salahov gəldi, əlində də əmr var idi. Əmrdə yazılmışdı ki, Goranboy və Gəncə istiqamətində olan bütün şəxsi heyətlər, hərbi qüvvələr və bütün texnikalar Arif Salahovun sərəncamına verilsin. Bundan sonra Bakıya, Prezident Aparatına zəng edib belə bir əmrin olduğunu dedim. Əmrdən xəbərdar olduqlarını bildirdilər və dedilər ki, oradakı qüvvələri Salahovun sərəncamına vermək lazımdır. Arif Salahovla söhbətimiz zamanı mən deyəndə ki, əməliyyatı davam etdirin, dedi ki, heç bir əməliyyat aparmayacağam, Surətə qarşı heç bir hərəkət edilməyəcək, bizim danışığımız ondan ibarətdir ki, burada sakit oturaq”.

fehmin haciyev

Fəhmin Hacıyev

F.Hacıyev deyib ki, bundan sonra Bakıya çağırılıb, müşavirədə iştirak edib:

“Orada fikirlərimi dedim və bu gün də həmin fikirlərin arxasındayam. O zaman Gəncə şəhərində dövlətə qarşı qiyam başlayıb, bunun nəticəsində əhaliyə mənəvi və psixoloji təsirlər olub, bəzi şəxslərə qarşı cinayətlər törədilib. Mənə görə, qiyam bütün qanunlarla yatırılmalıdır. Bunun üçün də əgər digər güc strukturları qiyamın yatırılmasına cəsarət göstərmirlərsə, Daxili Qoşunların komandanı kimi bizim heyətimiz əməliyyat keçirməyə hazırdır. Hətta əhalinin təhlükəsizliyini təmin etmək haqqında göstəriş verilməlidir. Ondan sonra 709 saylı hərbi hissədə əməliyyat keçirmək, havadan helikopterlə zərbə endirib onları tamamilə zərərsizləşdirmək lazım idi. Orada həmin vaxt hər kəs mənim əleyhimə çıxış etdi, bunun mümkünsüz olduğunu bildirdi. Nəticə də göz önündədir”.

Fəmin Hacıyev deyib ki, istər keçmişdə, istər indi, istərsə də gələcəkdə dövlətə qarşı qiyam qaldırılırsa, dərhal yatırılmalıdır:

“Gərəkirsə, qiyam qanla yatırılmalıdır! Bunun başqa dünya təcrübəsi yoxdur! Sənin üzərinə silahla gələn adamın qarşısına qəzetlə çıxa bilməzsən! Dövləti silahla yıxmaq istəyən hər kimdirsə, onunla danışıqlar aparmağın heç bir mənası yoxdur! Yatırılmasa, dövlət çökər, zəifləyər. Nəticə etibarilə də ölkədə xaos yaranar!”.

Müsahibimizin sözlərinə görə, qiyamın baş verməsinin və qarşısının alınmamasının səbəbkarı Dadaş Rzayevdir:

“Bu məsələdə üç nəfərin – Dadaş Rzayevin, Nurəddin Sadıqovun, İsa Sadıqovun və digər şəxslərin adı hallanır. Həmin gün İsa Sadıqov tərəfindən hərbi hissənin mühasirəyə alınması ilə bağlı tapşırıq verilib. Əgər hərbi hissə vaxtında mühasirəyə alınsaydı, hərbçilər oradan çıxaraq kəndə gedə bilməzdilər. Lakin həmin tapşırıq yerinə yetirilmədi! Sonradan sadəcə vəziyyətə nəzarət etmək və görüş keçirmək təklif olunub. Ərazidə hərbi qüvvələr mövcud idi və məqsəd qarşıdurmanın qarşısını almaq idi. Konkret olaraq verilmiş tapşırıq icra olunmayıb. Hətta MTN-ə tapşırıldı ki, Surət Hüseynov həbs edilsin. Qəsdən, ya nədirsə, həbs edə bilmədilər. Bunun başqa izahı yoxdur! Qiyamın qarşısının alınmamasında səhlənkarlıq edən adamlar var. Bunların da başında dediyim üç nəfər dayanır. Sözləri varsa, buyursunlar, mən hazıram”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: