ABŞ mərkəzli “CNN İnternational”ın Azərbaycanla bağlı “Ekskluziv” başlıqlı məqaləsi diqqət çəkir.
Nəşr “etibarlı mənbələrdən” aldığı məlumata görə, İranla müharibə zamanı İsrailin Azərbaycanda qoşun yerləşdirdiyini, gizli kəşfiyyat apardığını iddia edir. Burada Somalilənd-İsrail əlaqəsinə də yer ayrılsa da, yazı əsasən məhz Azərbaycanın üzərində qurulub.
Təbriz vurğusu
Nəşr ölkəyə göndərilən qüvvələrin məhz Güney Azərbaycanla sərhədin müxtəlif istiqamətlərinə yerləşdirildiyini bildirib. Hətta, “İsrailin İranla müharibə zamanı vurduğu Təbrizdən cəmi 60 mil məsafədə” sözləri xüsusi qeyd edilir. İddianın məhz bu şəkildə çatdırılması belə, yazının birbaşa müvafiq qüvvə, ya da ölkələrin sifarişi əsasında hazırlandığını göstərir. Sirr deyil ki, Təbriz “Bütöv Azərbaycan” ideologiyasının mərkəz şəhərlərindən biri kimi görülür. Şimali azərbaycanlılar Güneyin həsrətini məhz Təbriz nisgili üzərindən vurğulayırlar. Əsrlərdir bu şəhərə şeirlər, mahnlar, hekayələr qoşulur. Həmçinin Türk dünyasında da Təbriz Azərbaycanın qanayan yarası kimi bilinir. Güneylilərin də Şimala, Bakıya mesajı, salamı adətən elə Təbriz üzərindən olur. Beləliklə buradakı vurğunun məqsədi Güney Azərbaycanı Bakıya qarşı qoymaqdır. “Baxın, sizə hücum məhz öz millətinizin əli ilə edilib” fikrinin formalaşdırılmasına çalışılır. Maraqlıdır ki, bu fikri elə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da illərdir soydaşlarımızın zehninə yeritməyə çalışır. Bakı hər gərginlikdə Təl-Əvivə eyni mesajı ötürür: “Təbrizə, Güneyə toxunmayın”. Təəssüf ki, bu tələb bir sıra hallarda dinlənilmir, əlimizdən isə sadəcə bir şey gəlir və onu edirik: humanitar yardım.
Məlumatın məhz CNN-də nəşri
Son zamanlarda Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyədə xalqın həssas nöqtəsi – İsrail məsələsi üzərindən ölkəmizə qarşı nifrətin formalaşdırılmasına çalışılır. Bakı Təl-Əvivlə tarixi əlaqələrə görə hədəf göstərilir, saxta xəbərlər yayımlanır. Türkiyədə ən geniş fəaliyyət göstərən media nümayəndəliyi də CNN-dir. Hətta müharibə zamanı “CNN Türk”ün müxbiri Fulya Öztürk İrana getmiş, oradan bütün ölkənin rejim üçün ayağa qalxdığı, onların uğrunda ölməyə hazır olduğu kimi materiallar paylaşmışdı. Onun bu addımını hətta bir kəsim tənqid etdi, Tehran hökuməti ilə razılaşdığını, məqsədli şəkildə yalan ab-hava formalaşdırıldığı iddia edildi. Türk xalqı CNN-i yaxından izləyir. Elə “İsrail Azərbaycana qoşun yerləşdirib, İranı oradan vurdu” fikri də, məhz Türkiyədə ölkəmizə qarşı aylardır proses yürüdən bu qüvvələrin işinə yarayır.
Naxçıvana hücum
Müharibə zamanı SEPAH ABŞ və İsrail birliklərinin, texnikalarının yerləşdiyi Küveyt, Bəhreyn, Qətər və BƏƏ kimi Körfəz ölkələrini birbaşa hədəf aldı. Hətta qarşılığında sərt hücumlara məruz qalsa da, İran onları vurmağa davam etdi. Məqalədə hələ müharibə başlamadan əvvəl – yanvar ayından İsrail qoşunlarının Azərbaycanda hazırlıq gördüyü, kəşfiyyat məlumatları topladığı və sonrasında əməliyyat keçirib hücum etdiyi deyilir. Naxçıvana hücum da nümunə göstərilir. İran Azərbaycana bir dəfə, Türkiyəyə dörd dəfə hücum etdi. Orada hədəf NATO bazası idi ki, birbaşa həmin bazadan İranın hədəf alındığı iddia edilirdi. Azərbaycana bir dəfə hücum oldu, ölkə başçısı sərt reaksiya verdi. SEPAH fərqli kanallarla məlumat yayaraq bunun sadəcə xəbərdarlıq olduğunu bildirib məsuliyyəti üzərinə götürdü. Buna rəğmən Azərbaycanın müharibəyə cəlb edilməsi üçün hətta ABŞ və İsrailin Naxçıvanı vurduğuna dair qəribə iddialar yayıldı. Əgər həqiqətən Azərbaycan “gizli baza” olubsa, SEPAH Körfəz ölkələri və Türkiyədə olduğu kimi Azərbaycana hücumları niyə davam etdirmədi? Halbuki bir çox cəbhədə savaşmağı gözə almışdı.
Güney məsələsi
Güney Azərbaycan Şimal üçün tarixdə hər zaman birinci dərəcəli həssas nöqtə olub. Dövlət başçısının “Mən dünyada yaşayan 50 milyon azərbaycanlıların prezidentiyəm” tezisi təsadüfən deyilməyib. Azərbaycan niyə öz soydaşlarının vurulmasına dəstək versin? Burada bütün duyğusal məsələləri bir kənara buraxaq. Dünyada balanslı, hesablanmış, düşünülmüş xarici siyasəti ilə tanınan rəsmi Bakı niyə belə bir strateji səhvi gözə alsın? Bu, elə-belə hadisə deyil, axır-əvvəl təbii ki, mediada yayılacaq informasiyadır. Tarixi qonşuluq münasibətinin olduğu, zaman-zaman yaranan gərginliyə rəğmən əlaqənin əsla qopmadığı İranla, orada yaşayan milyonlarla soydaşımızın olduğunu bilə-bilə niyə buna gedilsin? Güney Azərbaycanın güvənini itirmək niyə gözə alınsın? Naxçıvana dron hücumundan bir neçə gün sonra Prezident İlham Əliyevin göstərişi ilə İranın müharibədən əziyyət çəkən əhalisinə Bakıdan humanitar yardım göndərildi. Ölkə başçısı qonşuluq prinsipinə hər zaman sadiq qalıb. Azərbaycan ərazisindən İrana qarşı üçüncü ölkənin hər hansı əməliyyat keçirməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edib.
Suriya iddiası
Məqalədə həmçinin Azərbaycanın gizli şəkildə Suriya və İsrail arasında keçiriləcən danışıqlara ev sahibliyi etdiyi vurğulanır. Burada “gizli” sözü isə xüsusi diqqət çəkir. Çünki görüşün ötən il Bakıda baş tutduğu məlumdur. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məlumatı rəsmi şəkildə açıqlayıb. “Etibarlı mənbələr”dən əldə etdiyini bildirdiyi məlumatlarla bir ölkəni hədəfə gətirən CNN çox sadə bir şəkildə internetdə axtarışa verərək, yaxud rəsmi Bakıya sorğu ünvanlayaraq informasiyanı rahatlıqla dəqiqləşdirə bilərdi.
CNN dəfələrlə sifarişli məqalələr dərc etmək, müəyyən siyasi qruplardan maliyyə almaq, xəbərləri qəsdən manipulyasiya etmək ittihamları ilə üzləşib. Fəaliyyət göstərdiyi ABŞ-da respublikaçılarla da, demokratlarla da arası yaxşı deyil, “feyk xəbər adresi”, “qərəzli media qurumu” kimi təqdim edilir. Elə son olaraq Zachary Young məsələsi də buna nümunədir.
Ayşən Mustafa
Globalinfo.az