radev azerbaycan scaled

Bolqarıstanın Baş naziri Rumen Radev yenidən Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un Balkan bürosuna Radev Tivatda açıqlama verib.

“Ölkənizə səfər etmək üçün çalışacağam. Azərbaycan getmək istədiyim ən yaxşı yerlərdən biridir. Sizin gözəl ölkəniz var, burada çoxlu dostlar var və bolqarlar Azərbaycanda işləyərək iqtisadiyyata və idmanın inkişafına töhfə verirlər. Yenidən getmək istərdim. Azərbaycan bizim üçün dost ölkədir”, – o qeyd edib.

Baş nazir vurğulayıb ki, Sofiya Bakı ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır:

“Azərbaycanla münasibətlərimizin dərinləşməsinə çox şadıq. Sizi əmin edə bilərəm ki, bugünkü iclasın (Avropa İttifaqı (Aİ) və Qərbi Balkan ölkələrinin Tivatdakı Zirvə toplantısı – red.) qərarları da Azərbaycanla münasibətlərin inkişafını əks etdirəcək. Bolqarıstan Aİ və Azərbaycan arasında münasibətlərin gələcək inkişafının fəal tərəfdarıdır”.

Radev həmçinin energetika sahəsində əməkdaşlığa toxunaraq əlavə edib ki, Bolqarıstan hər il Azərbaycandan sabit təbii qaz tədarükünü yüksək qiymətləndirir.

“Bu razılaşma aramızda çox yaxşı işləyir. Bundan başqa, biz Azərbaycandan Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə “yaşıl enerji dəhlizi”nin reallaşdırılmasını gözləyirik. Biz bu layihə üzərində fəal işləyirik. Mən həmçinin Bolqarıstanın yaxşı dostu olan Prezident İlham Əliyevlə məzmunlu müzakirələr apardım. Ümid edirəm ki, biz birlikdə bu layihənin reallaşmasını görəcəyik”, – o deyib.

Paylaş: