Gürcüstan “3+3” regional əməkdaşlıq platforması çərçivəsində keçiriləcək növbəti görüşdə iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Tbilisinin sözügedən formatla bağlı mövqeyi dəyişməyib və bu, dəfələrlə ictimai şəkildə bəyan olunub.
“Gürcüstan indiyədək bu format çərçivəsində təşkil olunan heç bir görüşdə iştirak etməyib”, – deyə XİN-in açıqlamasında vurğulanıb.
Qeyd edək ki, “3+3” formatı üzrə ilk ekspert sessiyasının iyunun 5-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulur.
Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Gürcüstanın istənilən vaxt bu platformaya qoşula biləcəyini və formatın Tbilisi üçün açıq olduğunu bildirmişdi.
Rəsmi Tbilisi isə ölkə ərazilərinin bir hissəsinin Rusiya tərəfindən işğal altında saxlanıldığını əsas gətirərək, “3+3” formatında iştirakını mümkün hesab etmir.