Gürcüstanın paytaxtı Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumu çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin sədri Zurab Abaşidze və Tbilisi şəhərinin vitse-meri Giorgi Tkemaladze ilə rəsmi görüş keçirib.
Globalinfo.az bildirir ki, görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Niyazi Bayramovla yanaşı, Mingəçevir, Şirvan şəhərlərinin icra hakimiyyətlərinin başçıları, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini iştirak edib.
Səmimi şəraitdə keçən söhbət zamanı şəhərlərin dayanıqlı inkişafı, yerli idarəetmə sahəsində təcrübə mübadiləsi, tarixi-mədəni əlaqələr, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyə təqdim edilib, xatirə şəkli çəkdirilib.


