3dd8be67 515c 4e1e b934 ebb70a816f8f

CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp öz müşavirlərinə İranla mümkün razılaşma ilə bağlı sərt mövqe sərgiləyib.

Bildirilir ki, Tramp Vaşinqtonun hər hansı saziş çərçivəsində Tehrana birbaşa maliyyə vəsaiti ayırmasını nəzərdə tutan variantı imzalamaq niyyətində deyil.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ hökuməti İranla bağlı qısa müddət ərzində nəticə əldə etməyə çalışır:

“ABŞ münaqişənin nəticəsinin ictimai rəyə qələbə kimi təqdim olunması üçün əsaslar yaratmalıdır. Bununla bağlı son zamanlar ABŞ rəsmiləri tərəfindən müəyyən mesajlar verilir. Xüsusilə zənginləşdirilmiş uranın İrandan çıxarılmasının yerinə, İranın nüvə silahı istehsal etməməsi və digər ölkələrdən əldə etməməsi ilə bağlı razılığa gəlinməsi Tramp tərəfindən müsbət məqam kimi təqdim olunur. Halbuki İran müharibədən öncə nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib. Eyni zamanda Trampın kiçik insidentlərin müharibəyə səbəb olmaması üçün təlimat verməsi ABŞ-ın diplomatik təmasların davam etməsində maraqlı olduğu mənasına gəlir. Amma nüvə məsələsi ilə yanaşı, digər prinsipial mövzularda da razılıq əldə olunmalıdır.

Buraya atəşkəsin bütün cəbhələrə, o cümlədən “Hizbullah”a da şamil olunması, sanksiyaların aradan qaldırılması, İrana təzminat ödənməsi, dondurulmuş aktivlərin bərpası və.s kimi məsələlər də daxildir. Hesab edirəm ki, ABŞ nüvə məsələsində maskimalist yanaşmasından geri çəkilərsə, Trampın açıqlaması bir məntiqi ortaya qoyur: o zaman İran da sanksiyaların tam aradan qaldırılması və təzminat tələbindən geri çəkilə bilər. ABŞ Dövlət katibi Mark Rubionun açıqlamasından isə görünür ki, razılıq əldə olunacağı halda, ABŞ sanksiyaları tam aradan qaldırmaqda deyil, tədricən yumşaltmaqda maraqlıdır. Sanksiyaların yumşalması İranı sosial problemlərdən tədricən xilas edə bilər. Ona görə də düşünürəm ki, zənginləşdirilmiş uran, raket porqoramı və proksilərlə bağlı şərtlər istisna olmaqla İran digər məsələlərdə kompromisə gedə bilər”.

eli zulfu 900x585 1
Əli Zülfüqaroğlu

Siyasi şərhçi diqqətə çatdırıb ki, bu proseslər fonunda İsrailin Livana hücumlarını kəskinləşdirməsinə də ABŞ-İran danışıqlarının tərkib hissəsi kimi baxmaq lazımdır:

“Çünki İsraildə Baş nazir Benyamin Netanyahu hökuməti Trampı öz planları üçün fürsət olaraq dəyərləndirir. Ona görə də ABŞ-ın müharibədən geri çəkilmə ehtimalı Təl-Əvivi ciddi şəkildə narahat edir. Livana hücumlarını artırmaqla İranın atəşkəsin Livana da aid edilməsi şərtini bilərkdən pozur. Əgər Livana hücumlar dayanmayacaqsa, o zaman Vaşinqtonun uranla bağlı mövqeyinin yumşalması belə prosesin müsbət istiqamətdə davam edəcəyinə gətirib çıxarmayacaq. İsrail də məhz buna görə Livana hücumlarını davam etdirməklə, danışıqlar prosesini sabotaj edir. İsrailin təhlükəsizlik naziri və koalision hökumətin əsas fiqurlarından olan, radikal mövqeyi ilə tanınan İtamar Ben-Qvirin son açıqlaması da bunu deməyə əsas verir.

Ben-Qvir bildirir ki, İsrail Livanla bağlı hücumlarını davam etdirməli və Trampın buna qarşı olan mövqeyi ilə hesablaşmamalıdır. Belə olduğu halda, danışıqlar prosesində İsrail yenidən həlledici faktor olaraq önə çıxır. Yəni ümumi mənzərə belədir ki, seçkilərə qədər uğurlu nəticəyə ümid edən Tramp, konkret sülh sazişi olmasa da, müəyyən razılaşma əldə etməyə çalışır, bunu özünə təhlükə görən İsrail isə müharibə şəraitinin qalması üçün danışıqlar prosesini pozmağa yönəlik addımlar atır. İsrailin ABŞ hökumətinə ciddi təsir imkanlarını və indiyə qədər davam edən prosesləri nəzərə alsaq, o zaman Təl-Əviv ABŞ-a xəbərdarlıq etmədən də İrana yenidən zərbə endirə və Vaşinqtonu prosesə qoşulmağa məcbur buraxa bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: