arzum9999

Bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda ilk olaraq zərərçəkmiş tərəfin müdafiəçisi məhkəməyə vəsatət verib.

Vəsatətdə göstərib ki, təqsirləndirilən şəxs İlduzə Hacıyeva sola dönmə əməliyyatı apararkən xəbərdarlıq işığından istifadə etməyib.

Bu məsələ tərəflər arasında mübahisə yaratdığından hadisənin görüntülərinə yenidən baxış keçirilib.

Məlum olub ki, dönmə işığından istifadə edilib. Daha sonra “Arzum” ləqəbli tiktokerin vəkili Fərid Həsənov məhkəməyə bir neçə vəsatət təqdim edib.

Vəkil məhkəmədən hadisə yerinə baxış zamanı tərtib olunmuş qəza ərazisinin sxeminin sübutlar siyahısından çıxarılmasını xahiş edib. Eyni zamanda, hadisə ilə bağlı avtotexniki, trasaloji ekspertiza rəylərini verən ekspertlərin və işi aparan müstəntiqin məhkəmə prosesinə çağırılaraq ifadə vermələrinə dair vəsatətlə çıxış edib.

Dövlət ittihamçısı Nərmin Tahirzadə vəsatətlərə münasibət bildirərək, ekspertlərin məhkəməyə çağırılmamasını, lakin ibtidai istintaqı aparan müstəntiqin ifadə üçün dəvət olunmasını məqsədəuyğun hesab edib.

Məhkəmə qısa müşavirədən sonra ekspertlərin ifadə verməsi ilə vəsatətləri təmin etməyib, müstəntiqin məhkəməyə çağırılaraq dindirilməsinə dair vəsatəti isə təmin edib.

Prosesdə mərhumun anası – zərərçəkmiş şəxsin hüquqi varisinin səhhətində problem olduğu üçün hüquqi varisliyin qızına verilməsi məsələsinə toxunulub. Bildirilib ki, etibarnamə veriləndən sonra onun hüquqi varisliyi təmin ediləcək.

Məhkəmənin növbəti iclası iyunun 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq zamanı blogerin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

“Arzum” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Paylaş: