Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658,5 min turist gəlib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azlama deməkdir.
Bəs, ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
Globalinfo.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı Vüqar Bayramov fikirlərini bölüşüb.
O bildirib ki, Azərbaycana gələn turistlərin sayının azalmasının bir sıra obyektiv səbəbləri olsa da, belə ənənəvi faktorlar da qalmaqdadır:
“Azərbaycana gələn turistlərin təxminən yarısı 2 ölkənin payına düşür. Həmin müddətdə ölkəmizə səfər edən hər 100 nəfərin 27-si Rusiya, 22-si isə Türkiyə vətəndaşları olublar. Bununla yanaşı, əvvəlki ilin ilk 4 ayında Azərbaycana gələn turistlərin 11 faizi Hindistanın payına düşmüşdüsə, indi bu göstərici 3 faizədək azalıb. Deməli, gəlmə turizm bazarlarının şaxələndirilməsi və dayanıqlığının gücləndirilməsi prioritet olaraq qalmaqdadır”.
Millət vəkili İran müharibəsinin region ölkələrinə gələn turistlərin sayına təsirlərindən də söz açıb:
“Aözügedən müddətdə münaqişə Azərbaycan və Gürcüstana gələn turistlərin sayında özünü göstərib. Belə ki, Gürcüstana gələn turistlərin sayı bu ilin ilk rübündə 4 faiz artmışdırsa, ilk 4 ayda cüzi olsa da azalma qeydə alınıb. Bu da birbaşa İrandan gələn turistlərin sayının 49 faiz azalması ilə bağlıdır. Həmin müddətdə qonşu ölkəyə Hindistandan gələn turistlərin sayında da 29.5 faiz azalma qeydə alınıb.
Hesabat dövründə Azərbaycana Avropa İttifaqına (Aİ) üzv ölkələrdən gələnlərin sayı 17,1 faiz, MDB ölkələrindən gələnlərin sayı 3,5 faiz artsa da, Körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalıb. Ərəb dövlətlərindən gələnlərin sayının azalmasına ümumi faktorlar ilə yanaşı, regiondakı müharibə də xüsusi təsir göstərib. Bütün bunlarla yanaşı, monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür”.
Günel Cəlil
Globalinfo.az