1773996890 pp

İran Prezidenti Məsud Pezeşkianın istefa verdiyinə dair məlumatlar yayılıb. Pezeşkianın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin ölkə idarəçiliyi üzərində tam dominantlığı ələ almasına görə istefa verdiyi iddia olunurdu.

Lakin qısa zamanda bu xəbərin real olmadığı açıqlandı. Analitiklərin fikrincə, sözügedən istefa həqiqətə uyğun ola bilər. Hazırda Tehranda vəziyyətin qarışıq olduğu, SEPAH rəhbərliyi ilə hökumət arasında ciddi fikir ayrılıqlarının yaşandığı bildirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Pezeşkianın istefa ərizəsini təqdim etməsi elə İranın öz rəsmi dairələri tərəfindən təkzib olunub:

“Başqa sözlə, bu mövzuda spekulyasiyaya yer qoyulmayıb. İkinci və əsas məsələ odur ki, İran hazırda keçid dövrünü yaşayır, lakin bu, dini rejimdən demokratik-liberal rejimə keçid xülyası deyil. Yəni ABŞ-ın “rejimi dəyişdik” iddiası yanlışdır. Keçid qətl edilən dini lider Əli Xameneyinin varisi Müctəba Xameneinin fəaliyyətini davam etdirib-etdirə bilməməsi narahatlığı üzərindən yaranan boşluğu doldurmaq üçün formalaşan kabinet tərəfindən həyata keçirilməkdədir. Bu kabinetdə İran SEPAH korpusu və hərbi-siyasi qüvvələrin təmsilçisi olan Ayətullah Əlirza Arafi, Ali Məhkəmənin rəhbəri Qulam-Hüseyn Mohseni və o cümlədən Prezident Məsud Pezeşkian yer alır. Onlar yeni dini lideri müəyyən etməklə mükəlləfdirlər.

sehla celilzade e1755003028631
Şəhla Cəlilzadə

Düzdür, hazırki hərbi-siyasi vəziyyət fonunda Prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Pezeşkian daha öncə də bəyan etmişdi ki, müharibə və danışıqlar prosesində qərarvermə imkanlarına malik deyil. Çünki aydındır ki, bu məsuliyyət İranın idarəetmə formasında bir nəfərin üzərinə deyil, ümumilikdə sistemin üzərinə qoyulur. Başqa sözlə, yarı müharibə vəziyyəti İranın milli maraqları çərçivəsində sülh ilə sonlanarsa, bu, dini rejimin hakimiyyətini qoruması və hətta qalibiyyətini elan etməsi ilə nəticələnəcək. Suriya, İraq, Liviya və s. modellər üzrə uzunmüddətli müharibəyə gedilərsə, o zaman, bu ssenarinin nəticələri gözlənilməz və məchuldur. Hazırki vəziyyətdə isə idarəetmə forması dəyişdirilməyib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: