WhatsApp Image 2025 04 13 at 14.31.55

ABŞ prezidenti Donald Tramp son bəyanatlarında İranla münasibətdə sərt mövqeyini təkrar edir. O, deyib ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir və buna dair öhdəlik götürməlidir.

Ekspertlər bunu İrana qarşı maksimum təzyiq siyasətinin davamı kimi dəyərləndirirlər.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İranın rəsmi mövqeyinə, uranın zənginləşdirilməsinin texniki reallıqlarına və danışıqların siyasi məntiqinə yaxından baxdıqda, daha hesablanmış və fərqli bir dinamika müşahidə edilir:

“Tramp İranı nüvə silahı yaratmağa can atmaqda ittiham edə bilər, ona görə yox ki, İran ABŞ ilə ikitərəfli danışıqlarda bunu gizli etiraf edib, nə də ABŞ-ın bu barədə dəqiq kəşfiyyat məlumatı var. Əksinə, belə bir ittiham siyasi bir aktiv rolunda  sonradan qələbə kimi təqdim edilə biləcək güzəştin yaradılmasına xidmət edir.

İllərdir İran rəsmi olaraq nüvə proqramından silah yaratmaq məqsədi ilə istifadə etmək niyyətini inkar edir. İslam Respublikası keçmiş ali dini rəhbər Ayətullah Xameneinin fitvasına istinad edir. Bu fitvaya görə nüvə silahının hazırlanması və istifadəsi haramdır, yəni qadağandır. Tehran P5+1 qrupu ilə 2015-ci ildəki Nüvə Anlaşmasına (JCPOA) gətirən bütün danışıqlar mərhələlərində və sonrakı ABŞ ilə dolayı danışıqlarda məqsədinin urandan sənayedə və dinc məqsədlər üçün istifadə etmək olduğunu vurğulayıb.

Ən əsası, İranın qoruyub saxlamaq üçün mübarizə apardığı məqsədi bomba deyil, uranı zənginləşdirmək hüququdur. Bu, silah yaratmaq üçün lazım olan səviyyədə (U-235 izotopunun 90%-dən yuxarı) yox, təxminən 10% və ya daha aşağı səviyyədə zənginləşdirilmiş uran hesab olunur. Tibbi izotoplar, sənaye radioqrafiyası və tədqiqat reaktorları üçün yanacaq istehsalına kifayət edən bir həddir. Bu, Tehran üçün qırmızı xəttdir: hər hansı yekun razılaşmada nəzarət altında olan səviyyədə uranın zənginləşdirməyə imkan verilməlidir”.

elimusa heyderov
Əlimusa İbrahimov

Ekspert bildirib ki, ya İran ABŞ ilə danışıqlarda bunun əksini bildirib, ya da Vaşinqtonda Tehranın silah əldə etmək planları barədə dəqiq kəşfiyyat məlumatları var:

“Lakin üçüncü bir ehtimal da mövcuddur. Bu, Trampın əməliyyat və razılıq (deal-making) üslubuna daha uyğun olan gedişidir.

Bir lider düşmənini qadağan olunmuş bir arzuya sahib olmaqda təkrar-təkrar ittiham etdikdə və düşmən bunu inkar etdikdə, lider sonradan həmin arzudan rəsmi imtinanı əldə etdiyini əsaslandıra bilər. Bu imtina – hətta İranın faktiki davranışını dəyişməsə belə – diplomatik və siyasi qələbəyə çevrilir. Trampın sonrakı mərhələlərdə  bunu elan edəcəyini görə bilərik.

Tramp deyib: “Mən İrandan nüvə silahı ambisiyalarından əl çəkməsini tələb etdim. Əvvəlcə müqavimət göstərdilər. Lakin indi danışıqlarımızda onlar rəsmən heç vaxt bomba əldə etməyəcəklərinə söz verdilər. Mən qazandım. Amerika və İsrail artıq təhlükəsizdir.”

Burada dörd mərhələdən ibarət real ssenari qurmaq mümkündür:

1.Danışıqlardan əvvəl təzyiq – Tramp İranı gözlənilən nüvə silahı dövləti kimi ictimaiyyət qarşısında təqdim edir. O, təkcə bombanın olmamasını deyil, formal öhdəlik tələb edir.

2. İranın müqaviməti – Tehran heç vaxt bomba istəmədiyini vurğulayır və fitvaya istinad edir. Dinc məqsədlər üçün zənginləşdirmə hüququndan imtina etməkdən boyun qaçırır.

3. Qapı arxasında anlaşma – Gizli kanallar vasitəsilə bir formul tapılır: İran fitva əsaslı nüvə silahı qadağasını bağlayıcı beynəlxalq sənəddə (məsələn, yeni saziş və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi) təsdiq edir. Müqabilində ABŞ İranın ciddi Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) nəzarəti altında aşağı faizlərdə (məsələn, 10%) zənginləşdirmə hüququnu tanıyır.

4. Tramp qələbə elan edir – O, sərt mövqeyinin İranı “nüvə silahı ambisiyalarından geri çəkilməyə” məcbur etdiyini bəyan edir. İranın heç vaxt belə bir ambisiyasının olmaması əhəmiyyətsizləşir. Güzəşt görüntüsü mükafatdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: