imtahan 1

Xəbər verdiyimiz kimi, ötən həftə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirildi. Bayramdan sonrakı həftədə isə I və IV ixtisas qrupları üzrə abituriyentlər imtahan verəcəklər. Hazırda həm abituriyentləri, həm də valideynləri maraqlandıran əsas məsələlərdən biri builki keçid ballarının necə dəyişəcəyidir.

Sosial şəbəkələrdə və abituriyentlər arasında yayılan fikirlərə görə, II və III qruplar üzrə keçirilən qəbul imtahanları ötən illərlə müqayisədə nisbətən asan olub.

Bu isə təbii olaraq həmin qruplar üzrə rəqabətin daha da artacağı və keçid ballarının yüksələ biləcəyi ilə bağlı ehtimalları gücləndirir.

Digər tərəfdən, ekspertlər qeyd edirlər ki, yekun nəticələrə yalnız qəbul imtahanı deyil, buraxılış imtahanlarının nəticələri də ciddi təsir edir. Bu il buraxılış imtahanlarının müəyyən hissəsinin çətin keçdiyi və bir çox abituriyentin gözlədiyi nəticəni əldə edə bilmədiyi bildirilir.

Qəbul imtahanında yüksək bal toplansa belə, buraxılış mərhələsindəki zəif nəticələr ümumi balın aşağı düşməsinə səbəb ola bilər? Bu vəziyyət ümumi nəticələrə və keçid ballarına necə təsir göstərə bilər?II və III qruplarda imtahanın asan keçməsi keçid ballarını artıra bilərmi?

Globalinfo.az-a danışan “AzEdu” təhsil platformasının icraçı direktoru, təhsil tədqiqatçısı Elmin Nuri deyib ki, hazırkı qəbul imtahanı modelinə əsasən, istər buraxılış, istərsə də blok imtahanları ümumi qəbul prosesinin ayrılmaz tərkib hissələridir:

“Yəni bunlar iki mərhələdən ibarət olsa da, vahid bir prosedura xidmət edir. Belə olduğu halda, buraxılış imtahanlarının nəticələri blok imtahanlarına, yaxud əksinə, blok imtahanlarının nəticələri buraxılış göstəricilərinə müəyyən mənada təsir etməlidir. Bu təsir ona görə vacibdir ki, proses balanslaşsın və ümumi qəbul sistemində müəyyən xaos yaranmasın.

Çox doğru vurğulanır ki, bu il buraxılış imtahanları ötən illə müqayisədə xeyli çətin keçdi və bu da nəticələrdə özünü göstərdi. Cəmi bir neçə nəfər maksimum bal toplaya bildi. Belə olan halda isə blok imtahanlarının nisbətən asan keçiriləcəyi gözlənilən idi və biz bununla bağlı dəfələrlə proqnoz vermişdik. Bu fikirlə razılaşanlar da var idi, razılaşmayanlar da. Amma reallıq nəticələrdə özünü göstərdi.

Mən eyni proqnozu I və IV ixtisas qrupları üzrə də verirəm. Xüsusilə I ixtisas qrupunda bu il qeydiyyatdan keçən abituriyentlərin sayı ilə ötənilki göstərici arasında təxminən 3 min nəfər fərq var. Bu isə o qədər də ciddi rəqəm hesab olunmur. Ötən il bu qrup üzrə abituriyent sayı 31 minin üzərində idisə, bu il 34 minin üzərindədir. Eyni zamanda buraxılış nəticələrinin ən zəif olduğu qruplardan biri də məhz I ixtisas qrupudur. Belə bir vəziyyətdə blok imtahanlarında sualların səviyyəsinin yumşaldılması gözləniləndir və bu, demək olar ki, birmənalıdır.

elmin nuri

Elmin Nuri

II və III ixtisas qruplarına gəldikdə isə, keçid ballarının artıb-azalması ilə bağlı hələlik qəti fikir söyləmək çətindir. Düşünürəm ki, bu il keçid ballarındakı artım və ya azalma tempi ötən illə müqayisədə çox ciddi fərqlənməyəcək. Amma daha dəqiq statistika vermək üçün blok imtahanlarının nəticələrini gözləmək lazımdır. Ümumi mənzərə yalnız bundan sonra tam aydın olacaq.

Ötən illərdə Dövlət İmtahan Mərkəzi ixtisas seçiminə az qalmış ixtisas qrupları üzrə statistik bülletenlər yayımlayırdı. Bu, çox vacib göstəricilərdən biridir. Bu il isə həmin statistik məlumatları hələ gözləyirik.

Ümumi proqnoz olaraq deyə bilərəm ki, builki keçid balları ilə ötənilki göstəricilər arasında ciddi fərq gözlənilmir. Hansısa ixtisaslarda müəyyən artım və ya azalma ola bilər, bu isə əsasən ayrılan plan yerlərindən asılıdır. Amma ümumi mənada abituriyentləri ciddi şəkildə təəccübləndirəcək səviyyədə bal artımından söhbət getmir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

media 1

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: