ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla razılaşma üzrə danışıqlar bir neçə gün çəkə bilər. Bu açıqlama Vaşinqtonun İranın cənubunda müdafiə xarakterli zərbələr endirdiyini açıqlamasından sonra münaqişənin tezliklə bitəcəyinə dair ümidləri zəiflədib.
Globalinfo.az xəbər verir ki, minalar yerləşdirməyə çalışan qayıqlara və raket buraxılış məntəqələrinə hücumları şərh edən Rubionun sözlərinə görə, Hörmüz boğazı açıq qalmalıdır.
Aprelin əvvəlindən qüvvədə olan atəşkəsə baxmayaraq, ABŞ Mərkəzi Komandanlığı yaydığı açıqlamada “İran qüvvələrinin yaratdığı təhlükələrdən qoşunlarımızı qorumaq” məqsədilə yeni zərbələr endirildiyini bildirib.
İran isə yeni hava hücumundan müdafiə sistemi vasitəsilə düşmənə məxsus gizli pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
ABŞ hücumları İranın baş nüvə danışıqçısı və xarici işlər nazirinin Qətərin Baş naziri ilə Dohada mümkün ABŞ-İran razılaşmasını müzakirə apardığı vaxta təsadüf edib.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında İranla danışıqların yaxşı getdiyini yazıb, lakin uğursuzluq olacağı təqdirdə yeni hücumlarla hədələyib.
“Bu ya hamı üçün böyük razılaşma olacaq, ya da ümumiyyətlə razılaşma olmayacaq”, – Tramp bildirib.
Regiondakı gərginliyin başqa bir göstəricisi olaraq, İsrailin Baş naziri Benyamin Netanyahu İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasına qarşı hücumların gücləndiriləcəyini deyib.
Bundan qısa müddət sonra İsrail ordusu Livanın şərqindəki Bekaa vadisi və digər ərazilərdə “Hizbullah” infrastrukturuna zərbələr endirdiyini açıqlayıb.
Qeyd edək ki, İsrail və Livan aprelin ortalarında atəşkəs barədə razılığa gəlsələr də, İsrail “Hizbullaha” qarşı hava hücumlarını davam etdirir və bunu özünümüdafiə addımı kimi qiymətləndirir. “Hizbullah” isə atəşkəs sazişinin tərəfi olmayıb.
Aysel Əliyeva
Globalinfo.az