İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai ABŞ-la çərçivə razılaşmasının əldə olunduğunu açıqlayıb. Bəqayi bildirib ki, bu, Vaşinqton və Tehran arasında tezliklə atəşkəsin əldə olunacağı mənasına gəlmir.
Ekspertlər çərçivə razılaşmasını müsbət hadisə adlandırsalar da, ABŞ və İran arasında yekun sazişin imzalanması barədə danışmağın hələ tez olduğunu bildirirlər.
İran ətrafında gərginlik yenidən alovlana bilərmi? Yekun razılaşmanın nə zaman əldə edilməsi mümkündür?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, bu saziş ətrafında çox böyük müəmmalar var:
“ABŞ və müttəfiqləri bir tərəfdən İrana hücum edəcəklərini deyirlər, digər tərəfdən isə ritorikada bildirirlər ki, yaxşı saziş imzalanacaq, ümumi ortaq məxrəcə gəlinib. Düşünürəm ki, ABŞ və İsrail hazırda zaman qazanmağa çalışır.

Tofiq Abbasov
Hazırda Həcc ziyarətləri davam edir. Qarşıdan Qurban bayramı gəlir. Çox güman ki, bu müddətdə ABŞ, İsrail və İran öz hazırlıqlarını görür. Həcc ziyarəti bitdikdən sonra prosesin növbəti fazası aktivləşə bilər. Çünki ABŞ bu prosesdən narazıdır. Digər tərəfdən isə onlar İsrailin Baş naziri Benyamin Netanyahu ilə aralarında soyuqluq varmış kimi görüntü yaratmağa çalışırlar”.
Turan Rzayev
Globalinfo.az