Ukraynalı siyasi texnoloq Vladimir Petrov Rusiya Silahlı Qüvvələrinin yaxın zamanda Kiyevə, ya da Lvova nüvə zərbəsi endirə biləcəyini söyləyib.
Petrovun sözlərinə görə, yaxın həftələrdə, hətta bu günlərdə Kiyevə “Oreşnik” raketi, yaxud Lvova nüvə silahı ilə zərbə endirilməsi ehtimalı var.
Ötən gün isə Ukrayna ordusunun Starobelsk (Luqansk) şəhərinə zərbə endirməsi səbəbindən Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə cavab tədbirlərinin hazırlanması ilə bağlı təlimat verib.
Moskva nüvə silahına əl ata bilərmi?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu tip iddialar, xüsusən nüvə silahının istifadəsi ilə bağlı ssenarilər daha çox informasiya və psixoloji gərginlik yaratmaq məqsədi daşıyır:
“Real hərbi və siyasi vəziyyətdə nüvə silahının tətbiqi son dərəcə yüksək eskalasiya riski yaradır və bu səbəbdən belə variantlar adətən praktiki yox, çəkindirici ritorika kimi qiymətləndirilir.

Qabil Hüseynli
Eyni zamanda Rusiya–Ukrayna müharibəsi fonunda tərəflərin sərt bəyanatlar verməsi və qarşılıqlı zərbələrin intensivləşməsi siyasi gərginliyi artırsa da, bu, avtomatik olaraq nüvə ssenarisinin real ehtimala çevrildiyi anlamına gəlmir. Bu cür açıqlamalar daha çox daxili auditoriyaya mesaj və qarşı tərəfə təzyiq aləti kimi istifadə olunur.
Rusiya indiki məqamda belə bir addımın doğuracağı nəticələr ilə üzləşə bilməz. Ümumiyyətlə bu silahdan bir dəfə istifadənin nəticəsi çox ağır olar. Yəni sabah Rusiyanın özünə qarşıda bu silahdan istifadə edilə bilər”.
Turan Rzayev
Globalinfo.az