“COP29 tədbirində də iştirakçı olmuşam, bu forumda da iştirak edirəm. Yaşadığımız sivil cəmiyyətdə bəşəriyyətin sülh və həmrəylik dəyərləri ilə formalaşmasında belə tədbirlərin çox böyük əhəmiyyəti var”.
Bu sözləri Globalinfo.az-a Bakıda keçirilən Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyasında iştirakçı olan Sultan Mahmudsoy Dinçer deyib.
O, bu tədbiri təşkil edən və əməyi keçən bütün insanlara təşəkkürünü bildirib:
“Həqiqətən də Azərbaycan dünyada şəhərsalma sahəsində örnək olmalıdır. Çünki bildiyiniz kimi, biz 30 ilə yaxın işğal altında olan torpaqlarımıza Ali Baş Komandanın rəhbərliyi ilə yenidən qovuşmuşuq və həmin ərazilərdə ən müasir şəhərsalma metodologiyalarından istifadə olunur. Düşünürəm ki, bu yanaşma hər sahədə olduğu kimi, şəhərsalma sahəsində də dünyaya nümunə olacaq. Vətəndaşlar tərəfindən sevilən və dəstəklənən Prezidentə və ailəsinə ölkəmizdə belə mötəbər tədbirlərin keçirilməsinə yaratdıqları şəraitə görə təşəkkür edirik”.
İştirakçı bir məqamı da vurğulayıb:
“BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Anaklaudia Rossbax çıxışında vurğuladı ki, şəhərlər salınarkən mənzillər əlçatan olmalıdır. Düşünürəm ki, bu, çox vacib və dəyərli yanaşmadır. Həqiqətən də mənzillərin əlçatan olması böyük əhəmiyyət daşıyır.
Bu kontekstdə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyeva tərəfindən illər ərzində çoxsaylı ailələrə, qadınlara və vətəndaşlara müxtəlif sosial dəstək layihələri çərçivəsində mənzillər təqdim olunub. Bu təşəbbüslər insanların rifahına və sosial təminatına böyük töhfə verir. Buna görə minnətdarlığımızı bildirir, Mehriban xanımı dəstəklədiyimizi və yüksək qiymətləndirdiyimizi ifadə edirik”.
Sultan Mahmudsoy Dinçer qadınların cəmiyyətdəki rolunun böyük olduğuna inandığını qeyd edib:
“Tarix boyu qadınlar cəmiyyətlərin inkişafında mühüm rol oynayıblar və bu gün də dünyanın daha yaxşı istiqamətdə dəyişməsinə töhfə verirlər. Biz bunun nümunələrini həyatımızda aydın şəkildə görürük. Arzu edirik ki, belə beynəlxalq tədbirlər daha çox keçirilsin, uğurla və təhlükəsiz şəkildə başa çatsın. İnşallah, Azərbaycan bu tədbirdən də hər zamankı kimi uğurla çıxmış oldu”.
Zaira Akifqızı
Globalinfo.az