navid bahar

“Bu, bizim Azərbaycana ilk səfərimizdir. Əfqanıstanın paytaxtı Kabildən gəlmişik. “UN-Habitat Afghanistan” vasitəsilə bu proqrama dəvət olunduq və Azərbaycan dövləti bizə viza verdi”.

Bu sözləri Globalinfo.az-a Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən əfqanıstanlı jurnalist Navid Bahar deyib.

O bildirib ki, Əfqanıstanda “Ariana News” televiziyasında fəaliyyət göstərir:

“Bildiyiniz kimi, son illərdə Əfqanıstan bir çox çətinliklərlə üz-üzə qalıb. Əfqan miqrantların geri qayıtması və iqlim dəyişikliklərinin yaratdığı problemlər insanların həyatına ciddi təsir göstərib. Bu baxımdan, həmin toplantı bizim üçün olduqca önəmli idi. Burada həm tədbirdə iştirak etdik, həm də Əfqanıstanla bağlı mövzuları işıqlandırdıq”.

Navid Bahar mediaturda iki gün iştirak etdiyini də vurğulayıb:

“Azərbaycanın tarixi və görməli yerlərini ziyarət etdik. Azərbaycan bizim üçün həqiqətən çox seviləsi ölkə oldu. Xüsusilə Bakı olduqca gözəl şəhərdir. İnsanları mədəniyyətli və qonaqpərvərdir. Tarixi məkanlarla tanış olduq, Azərbaycanın bir çox maraqlı və görməli yerlərinə getdik”.

Jurnalist Şamaxıya da səfər etdiklərini qeyd edib:

“Şamaxıya getmişdik. Orada bir məscidi yaxından gördük və həmin məkanın tarixi haqqında məlumat aldıq. Eyni zamanda, öyrəndik ki, Şamaxı bir dövrdə Azərbaycanın paytaxtı olub, daha sonra paytaxt Bakıya köçürülüb. Ümumilikdə, Azərbaycanı çox gözəl, mədəniyyətli və seviləsi ölkə kimi tanıdıq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: