6EM3CXSQOFLW7GXHZEWTDSPDYU

Qətərin danışıqlar qrupu ABŞ ilə koordinasiyalı şəkildə İrana qarşı müharibənin dayandırılması və qalan problemlərin həlli üçün Tehrana gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Qətər nümayəndə heyəti cümə günü Tehrana çatıb.

“Qətərdən olan danışıqlar qrupu Tehrandadır. Onlar ABŞ ilə koordinasiya şəraitində səfər ediblər və məqsəd müharibəni dayandıracaq yekun razılaşmanın əldə olunmasına, eləcə də İranla bağlı açıq qalan məsələlərin həllinə yardım etməkdir”, – deyə qeyd edib.

Qətər Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlama verilməyib.

Qeyd olunur ki, Doha indiyədək İran müharibəsində vasitəçilikdən uzaq dayanırdı. Buna səbəb isə son münaqişə zamanı İranın raket və pilotsuz uçuş aparatları ilə Qətərə hücum etməsi olub.

Müharibənin başlanmasından bəri rəsmi vasitəçi rolunu Pakistan yerinə yetirsə də, Qətərin yenidən prosesə qoşulması onun ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri və Vaşinqtonla Tehran arasında etibarlı əlaqə kanalı olması ilə izah edilir.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi zərbələrdən sonra başlayan müharibədə hazırda zəif atəşkəs qüvvədədir. Bununla belə, ABŞ-ın İran limanlarını blokadaya alması və Tehranın Hörmüz boğazını faktiki bağlaması danışıqları çətinləşdirir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: