“Son günlər təkcə Azərbaycan üçün deyil, bütövlükdə şəhərsalma sahəsi baxımından mühüm əhəmiyyət daşıdı”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanışına həsr olunan mətbuat konfransında deyib.
Komitə sədri bildirib ki, bütün yerli imkanlardan istifadə etməklə daha inklüziv şəhərsalma istiqamətində fəaliyyət göstəririk:
“Məqsədimiz Azərbaycanın həyata keçirdiyi siyasəti qlobal gündəmlə uyğunlaşdırmaqdır. Müzakirə olunan məsələlər şəhərsalma sahəsində əldə olunan ortaq anlaşmanın hansı mərhələyə çatdığını göstərir”.
Anar Quliyevin sözlərinə görə, tədbirdə 58 mindən çox iştirakçı fəal şəkildə yer alıb, 400-dən artıq spiker müxtəlif ölkələrdən forumda iştirak edib:
“Biz burada gələcək əməkdaşlıq üçün mühüm təməl formalaşdırmışıq. Bu, şəhərsalma forumu tarixində ilk dəfə baş verən hallardan biridir. Dünyanın müxtəlif icmalarının dayanıqlı inkişafa verdiyi töhfələri yüksək qiymətləndiririk. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı və yüksək səviyyəli bərpa-quruculuq işləri aparılır. Bununla yanaşı, milli potensialın gücləndirilməsi, “ağıllı kənd” və oxşar layihələrin icrası istiqamətində də işlər davam etdirilir”.
Ləman İmran
Globalinfo.az