Nikol Pashinyan Serzh Sarkisyan i Robert Kocharyan 900x506 1

Ermənistanda siyasi temperatur yüksəlməkdə davam edir. Baş nazir Nikol Paşinyan seçki öncəsi revanşist düşərgəyə qarşı ən sərt mesajlarından birini verib. Paşinyanın Qarabağ klanına və separatçı çevrələrə yönələn “kökünüzü kəsəcəyəm” mesajı ölkə daxilində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Analitiklərin fikrincə, bu bəyanat Ermənistanda keçmiş hakimiyyət mərkəzlərinə qarşı mümkün siyasi-hüquqi kampaniyanın anonsudur. Paşinyanın beləliklə sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana qarşı hüquqi proses başlada biləcəyi iddia edilir.

Seçkidə Paşinyan qalib gəlsə revanşistlərin sonu çatacaq? Belə bir halda Köçəryan və Sərkisyan həbs edilə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, son illərdə Ermənistanda xüsusilə Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra siyasi ritorika və seçki mühiti əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişib:

“Vaxtilə Ermənistan siyasətində əsas seçki aləti “Qarabağ kartı”, radikal revanşist şüarlar və Azərbaycana qarşı ərazi iddiaları idi. Robert Köçəryan və Serj Sərkisyanın dövründə siyasi namizədlər “artsax Ermənistandır” kimi populist bəyanatlarla cəmiyyətin emosiyalarını manipulyasiya etməyə və seçkilərdə üstünlük qazanmağa çalışırdılar.

Lakin İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni reallıq Ermənistan siyasətində də ciddi transformasiya yaradıb. Paşinyan müəyyən dövrlərdə sərt ritorikadan istifadə etsə də, 44 günlük müharibədən və Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyətdən sonra həmin xəttdən mərhələli şəkildə geri çəkilməyə məcbur olub. Hazırda o, daha çox Ermənistanın təhlükəsizliyi, kommunikasiyaların açılması, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması xətti üzərindən siyasi dividendlər qazanmağa çalışır”.

Cavansir 675x900 1
Cavanşir Abbaslı

Siyasi şərhçi bildirib ki, Paşinyanın son açıqlamalarında Qarabağ klanına və revanşist dairələrə qarşı sərt ritorikası da məhz daxili siyasi mübarizənin tərkib hissəsidir:

“Baş nazir artıq anlayır ki, Ermənistan cəmiyyətinin böyük hissəsi yeni müharibə riskinin əleyhinədir və iqtisadi çıxış yolunu regional əməkdaşlıqda görür. Türkiyə ilə sərhədlərin açılması, regionda kommunikasiyaların bərpası və Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivi Ermənistan daxilində də əvvəlki illərlə müqayisədə daha geniş dəstək qazanır. Bu səbəbdən revanşist qüvvələrin ictimai dayaqları getdikcə zəifləyir, onların elektoratı isə əvvəlki təsir gücünü itirir.

Məhz buna görə Paşinyan hazırkı seçki kampaniyasını da köhnə “Qarabağ ritorikası” üzərində deyil, revanşizmdən imtina və regional inteqrasiya xətti üzərində qurmağa çalışır. Ermənistan cəmiyyətində artıq Qarabağın Azərbaycan ərazisi olması reallığını qəbul edənlərin sayı artır və bu, ölkədaxili siyasi balansın dəyişdiyini göstərir. Əgər Paşinyan növbəti seçkilərdə hakimiyyətini qoruyarsa, revanşist düşərgənin təsir imkanlarının daha da zəifləməsi ehtimalı yüksəkdir.

Köçəryan və Sərkisyan məsələsinə gəldikdə isə, onların həbs olunması hazırkı mərhələdə Paşinyan üçün prioritet görünmür. Çünki keçmiş hakimiyyət nümayəndələrinin siyasi çəkisi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Xüsusilə Serj Sərkisyan artıq Ermənistan cəmiyyətində əvvəlki təsir imkanlarını böyük ölçüdə itirib. Robert Köçəryan isə daha çox Rusiyaya yaxın siyasi fiqur kimi mövqeyini qorumağa çalışır. Lakin regionda və Ermənistan daxilində dəyişən siyasi dinamika fonunda Moskvanın da əvvəlki təsir alətlərinin tədricən zəiflədiyi müşahidə olunur. Buna görə də Paşinyan üçün əsas məqsəd revanşistləri həbs etməklə deyil, onları siyasi baxımdan tam marginallaşdıraraq prosesdən kənarlaşdırmaqdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: