“WUF13 Bakıda yüksək səviyyədə təşkil edilib”.
Bunu Globalinfo.az-a açıqlamasında Milli Məclisin Sədrinin müavini Musa Qasımlı deyib.
O bildirib ki, belə forumları təşkil etmək, ərsəyə gətirmək çox çətin işdir:
“Amma Azərbaycan COP29 zamanı da böyük bir uğura imza atdı. Düşünürəm ki, bu forumda dünya ölkələri Azərbaycanın təcrübəsini öyrənəcəklər. Həmin təcrübənin əsas prinsiplərini Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı. İlk növbədə, Azərbaycanın tarixinə qısa bir səyahət edildi. Ölkəmizdə şəhərsalma ənənələrinin tarixindən danışıldı. Bununla yanaşı, ədəbiyyat və mədəniyyət tariximizə də böyük məharətlə nəzər salındı. İmadəddin Nəsiminin və Nizami Gəncəvinin xatırlanması xüsusi əhəmiyyət daşıyırdı. Eyni zamanda, Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin qeyd edilməsi yalnız dünya ölkələrinə verilən mesaj deyildi, həm də tarixi yaddaşın bərpası baxımından mühüm bir göstərici idi”.
Musa Qasımlı qeyd edib ki, cənab Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də işğaldan azad edilən Şərqi Zəngəzur və Qarabağ bölgələrində görülən işlər oldu:
“Bu ərazilərdə bu gün iki fərqli mənzərə mövcuddur. Birincisi, 30 il ərzində işğalçıların törətdiyi dağıntılar, viran qoyulmuş şəhər və kəndlərdir. Binalarda daş-daş üstə qalmayıb. Bu, əsl vəhşiliyin göstəricisidir. İkinci mənzərə isə işğaldan azad olunduqdan sonra Azərbaycanın həmin ərazilərdə həyata keçirdiyi möhtəşəm quruculuq işləridir. Azərbaycanın burada həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri dünya üçün mühüm bir təcrübədir. Qısa müddət ərzində yolların, tunellərin tikilməsi, dövlət büdcəsi hesabına şəhərlərin, qəsəbələrin və kəndlərin yenidən inşa olunması, keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması böyük uğurdur. Düşünürəm ki, Azərbaycan bu dəfə də öyrədən, müəllim rolunu oynadı və heç şübhəsiz, dünya yenə də Azərbaycandan öyrənəcək”.
Ləman İmran
Globalinfo.az