Azərbaycanda İran casus şəbəkələrinə qarşı növbəti əməliyyat keçirilib. Nəticədə bir dəstə saxlanılıb. Yəqin ki, İranın Azərbaycanda belə bir şəbəkəsinin olduğu daha əvvəldən məlum olub. Həmçinin ölkəmizdə başqa dövlətlərin casus qruplaşmalarının varlığı da istisna edilmir.
O halda niyə hüquq mühafizə və xüsusi xidmət orqanları əvvəldən bununla bağlı hər hansı tədbir görməyib? İrançıların ifşası ölkədə mövcudluğu ehtimal edilən digər dini qruplaşmaları gücləndirə bilərmi?
Casus şəbəkəsinə qarşı aparılan əməliyyatlarla bağlı vəziyyəti Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, bu birləşmələr mərhələli şəkildə zərərsizləşdirilir:
“İranın Azərbaycandakı növbəti casus şəbəkəsinin ifşa olunması barədə məlumatlar gündəliyi zəbt edib. İnsanları bu şəbəkələrin ifşa edilməsinin nə vaxta qədər davam edəcəyi maraqlandırır. Təbii ki, bu haqda heç kim məlumat verə bilməz və İranın Azərbaycanda casuslarının sayını da söyləmək mümkün deyil. Aparılan əməliyyatlar bunların sayının yetərincə olduğunu deməyə əsas verir. Bu tipli əməliyyatların hələ davam edəcəyini proqnozlaşdırmağa ciddi əsaslar var.
Təbii ki, Azərbaycan xüsusi xidmət orqanları ölkədə fəaliyyət göstərən casus şəbəkələri barədə zəruri məlumatlara malikdirlər və yeni şəbəkələrin mütəmadi ifşa olunması ilə əlaqədar ciddi işlər görülür. Amma hüquq mühafizə orqanlarımız bu məsələni mərhələli şəkildə həyata keçirməyi daha üstün tuturlar. Çünki belə məsələlərdə tələsmək müəyyən yanlışlıqlara gətirib çıxara bilər. Hər halda hazırda dövlət üçün ciddi təhlükə törədən gizli hücrələr ilk mərhələdə zərəsizləşdirilir. Daha az təhlükəli olan şəbəkələr isə növbəti mərhələyə saxlanılır. Digər tərəfdən, aparılan təhqiqat ciddi sübutlara gətirib çıxarandan sonra bu işə xitam vermək qərara alınır”.
Politoloq belə vəziyyətlərdə bəzi şəbəkə casuslarının özlərinin təslim olduqlarını qeyd edib:
“Qeyd olunmalıdır ki, bu məsələdə tələsməmələri hələ ifşa olunmamış şəbəkələrin sərbəst fəaliyyət göstərmələri anlamına gəlməməlidir. Belə qruplar artıq gec-tez ifşa olunacaqları təhlükəsi ilə yaşayırlar. Onlardan bəziləri bu psixoloji durumda ölkəni tərk etməyə cəhd edirlər və bununla da özlərini ələ verirlər. Bəziləri isə dövlət tərəfindən ifşa olunacaqlarını gözləmədən özləri törətdikləri cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanlarımız məlumat verir və təslim olurlar.
Düşünürəm ki, son hadisələr belə şəbəkələrin aktivliyinin azalması ilə müşahidə olunur. Onlar müəyyən müddətə öz fəaliyyətlərini dayandırır və ya daha ciddi konspirasiya formasına keçirlər. İstənilən halda bu gün İran xüsusi xidmət orqanlarının respublikamızdakı fəaliyyəti barədə ciddi təcrübə və məlumatlara malikik. Bu gün onların hamısını eyni zamanda ifşa etmək mümkün deyil. Hər iş üçün ayrılan bir zaman var. Vaxtı gələndə onların hamısı ifşa olunacaq”.
Ə.İbrahimov Ermənistanın kəşfiyyat fəaliyyətindən də söz açıb:
“İrandan başqa Azərbaycana qarşı fəal kəşfiyyat fəaliyyəti aparan ölkələr içində təbii ki Ermənistanın adını çəkə bilərik. Bu ölkə mövcud olduğu müddətdə respublikamıza qarşı dağıdıcı fəaliyyətə son verməyəcək. Amma onlara qarşı xüsusi xidmət orqanlarımız çox ciddi tədbirlər görür və böyük şəhərlərimizdə onların əməliyyat arenaları məhdudlaşdırılıb”.
Ayşən Mustafa
Globalinfo.az