Xəbər verdiyimiz kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçirilir. Forum çərçivəsində təşkil olunan “WUF13 Urban Expo”da QHT Agentliyinin də pavilyonu fəaliyyətə başlayıb.
Globalinfo.az bəzi QHT rəhbərləri ilə söhbətləşib.
Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli deyib ki, Azərbaycan son illərdə müxtəlif böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir:
“WUF13-ün Bakıda keçirilməsi həm ölkəmiz, həm də tədbirə qatılan xarici qonaqlar üçün çox önəmlidir. Forumun əsas mövzularından biri də inklüzivlikdir. Burada əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi önəm verilir. Belə ki, şəhərlərdə ətraf mühitin əlçatanlığının əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması, onların sərbəst hərəkət etməsi və iştirakçılığının artırılması çox vacib məsələdir. Bu problemlərin həlli yollarının tapılması üçün belə tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. İnanıram ki, bu forumdan sonra paytaxtda və ölkənin digər yaşayış məntəqələrində əlilliyi olan şəxslər üçün ətraf mühitin əlçatanlığının təmin olunması istiqamətində daha geniş işlər görüləcək”.
Davud Rəhimli
ƏTİ rəhbəri qeyd edib ki, WUF13-də iştirak üçün 180 ölkədən qeydiyyatdan keçən nümayəndələrin sayı 40 mini ötüb:
“QHT nümayəndələri tədbir məkanında qurulan infrastruktur, müasir texnoloji həllər və müxtəlif funksional zonalarla yaxından tanış olublar”.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin sədri Firuzə Babayeva bildirib ki, tədbirdə qaldırılan problemlər növbəti illərdə vəziyyətin dəyişməsi baxımından çox böyük əhəmiyyət daşıyır:
Firuzə Babayeva
“Azərbaycan ev sahibliyinin öhdəsindən çox yaxşı gəlir. QHT rəhbərləri və xaricdən gələn digər qonaqlarımız iki günlük Qarabağa da səfər etdilər, oradakı quruculuğu, inkişafı canlı gördülər. Bu, qürurverici haldır, uğurumuzdur. Biz Azərbaycanda “velomobil” adlanan avadanlığın istehsalına nail olmuşuq. Onu bu pavilyonda yerli və xarici qonaqlara nümayiş etdirəcəyik. Burada əlilliyi olan şəxslərlə birlikdə yürüş təşkil edəcəyik”.
Qeyd edək ki, WUF13 dövründə yerli QHT-lərin xarici tərəfdaşları ilə birgə pavilyon ərazisində onlarla tədbiri keçiriləcək.
Ləman İmran
Globalinfo.az