Sosial şəbəkələrdə tanınmış rəqqasə və aktrisa Oksana Rəsulovanın Naxçıvan Universitetində tələbələrlə görüşməsi, “Blogerlik və incəsənət” mövzusunda mühazirə söyləməsi müzakirələrə, hətta narazılıqlara səbəb olub.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov rəqqasənin universitetə dəvət almasını tənqid edib.
“Mənim narahat olduğum məqam odur ki, həmin rəqqasəni yaxın günlərdə nazirlikdə vəzifəyə də gətirə bilərlər. Bu gün ölkəmizdə 51 ali müəssisə var və burada 187 min tələbə təhsil alır. Amma yalnız Bakı Dövlət Universiteti dünya reytinqində öndədir. Digər universitetlərimizdə isə reytinqin əlaməti də yoxdur”.
Ekspertin sözlərinə görə, bu həftə dünyada süni intellektlə bağlı dəyişikliklər olacaq:
Kamran Əsədov
“Dünya universitetləri ən məşhur alim, professor, tədqiqatçı və iş adamlarını dəvət edir, tədrisin keyfiyyətinin yüksəldilməsində maraqlı olurlar. Amma Azərbaycan universitetlərində tələbələr qarşısına ixtisaslı mütəxəssislər çıxarılmır. Razıyam, ola bilər ki, xanım yaxşı rəqqasə və aktrisadır. Onu Xoreoqrafiya Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti dəvət etsə idi bu, o zaman normal hesab olunardı. Lakin həmin ixtisas olmayan universitetə belə insanları dəvət etmək olmaz. Orada rəqqasə, aktrisaya yox, ixtisasca uyğun və ehtiyac yaranan şəxslər mühazirə deməlidir”.
K.Əsədov xoşagəlməz hadisənin ölkəmizdə yayıldığını deyib:
“Azərbaycanın bir sıra ali müəssisələrində belə halların sayı artır. Bu isə artıq təhsil ocaqlarımızda vəziyyətin ürəkaçan olmadığını göstərir. Təəssüf ki, Elm və Təhsil Nazirliyi elmə nəzarət edə bilmir və ona görə də belə hallar baş verir”.
Məsələ ilə bağlı rəqqasə Oksana Rəsulova ilə əlaqə saxlasaq da, o, danışmaq istəmədiyini və köməkçisi ilə əlaqə saxlamağımızı istədi.
Köməkçisi Yeganə xanım da bu mövzuda danışmaq istəmədiyini bildirdi:
“İki gündür jurnalistlər mövzu ilə bağlı zəng edir. Amma bizi də düzgün anlayın. Bu məsələyə qayıtmaq istəmirik”.
Zaira Akifqızı
Globalinfo.az
P.S. Redaksiya Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırdır.