“ABŞ, Rusiya və Çin bir-birlərinin strategiyalarını alt-üst etmək üçün strateji planlara malikdirlər”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib.
Analitik bildirib ki, ABŞ ilə Rusiyanın mübarizəsi Çinə qlobal nizamı dəyişdirmək üçün imperativlər verir:
“Ağ Ev və Moskva biri digərinin üzərində dominantlıq nəticəsi verən strateji qələbə qazanmaq üçün Çin oxuna əyilir. Yəni, Çinlə əlaqələr strateji savaşda uğurun bir formulu kimi çıxış edir.
ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin mayın 20-də bu ölkəyə səfər edəcəyi gözlənilir. Bu da qeyd olunan məsələlərin texniki parametri kimi başa düşülə bilər.
ABŞ-ın Rusiyaya qarşı fövqəladə və uğurlu planı Ukraynadakı müharibə ilə başladı, indi artıq Vaşinqton Rusiyanın daxilində güclü kəşfiyyat əməliyyatları aparmaq potensialını yoxlamağın vaxtının yetişdini başa düşür.
Rusiya Çinin Tayvana müdaxiləsini səbirsizliklə gözləyir ki, ABŞ-ı tələyə salsın, lakin, Moskvanın Vaşinqton önündə xalda irəli çıxmaq şansları azdır.
Çin isə Ukraynadakı müharibə və ardınca İrandakı qarşıdurma ilə ABŞ-ın strategiyasını çətinə salmaq üçün struktur tərtib edir”.

Aqşin Kərimov
Analitik qeyd edib ki, Çinin bu mexanizmə Rusiyanı bütünlüklə müttəfiq xarakteri ilə cəlb edəcəyi ehtimalı azdır:
“Pekin maksimum dərəcədə Moskvanı Ağ Evə qarşı vasitə kimi dəyərləndirən həmləni gerçəkləşdirir.
Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı geosiyasi və təhlükəsizlik məbədi regionu ABŞ və Çinə Bakı ilə əlaqələrdə yeni motivasiyalar verir. Daha çox ABŞ bu münasibətləri Rusiyanı təcrid olunma zəncirində vacib həlqə kimi görür.
Türk Dövlətləri Təşkilatı iqtisadi güc potensialını alternativ hərbi, siyasi mərkəzə doğru transformasiya etdikcə, ABŞ və Çinin bu təşkilata yanaşmaları ümumidən eksklüziv qiyməti olan meyara keçid edir. Rusiya, mühüm proseslərdən kənarda qalır.
Azərbaycan Respublikası üçün əsas hədəf qlobal güc mərkəzlərinin uzunmüddətli planlarını oxumaqdır. Azərbaycan böyük şahmat taxtasındakı gedişlərdən, o cümlədən İrandakı müharibənin geosiyasi nəticələrindən irəli gələn böyük razılaşmalara diqqət yetirir”.
Turan Rzayev
Globalinfo.az