WhatsApp Image 2026 05 18 at 13.05.24

Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) iştirakçıları arasında Afrikadan nüfuzlu qonaqlar da var.

Globalinfo.az-a müsahibə verən Emmanuel Bamfo-Aqyei Afrikada baş müəllim kimi fəaliyyət göstərir və hazırda Cape Coast Texniki Universitetinin Tikinti Texnologiyaları Departamentində çalışır:

“Fəaliyyət sahəm tikinti mühitidir. Əsasən Qərbi Afrikada fəaliyyət göstərirəm və universitetimiz də orada yerləşir”.

O, Bakıya ilk dəfə gəldiyini bildirib:

“Bakıya ilk dəfə gəlsəm də, bu, mənim Dünya Şəhərsalma Forumunda ikinci iştirakımdır. Sonuncu forum Misirdə keçirilmişdi. İki il əvvəl orada iştirak etmişdik”.

Müsahibimiz hələ Bakını gəzmək fürsəti olmadığını deyib:

“Bugünkü tədbirdən sonra Bakını gəzəcəyəm. Maraqlı tədbirlər, görməli yerlər və turistik məkanlar axtarıram ki, şəhəri daha yaxından tanıyım və onun necə inkişaf etdiyini görüm. Bu gün hava çox gözəldir. Ümid edirəm ki, Bakıdan zövq alacağam”.

Emmanuel Bamfo-Aqyei forumun son gününə qədər qala bilməyəcəyini də vurğulayıb:

“Təəssüf ki, mayın 21-də ayrılmalıyam. Çünki daha sonra Cənubi Afrikada keçiriləcək başqa bir konfransa qatılacağam. Mən peşə etibarilə ölçmə mütəxəssisiyəm, yəni “quantity surveyor” kimi fəaliyyət göstərirəm. Hazırda Keyptaun şəhərində qlobal ölçmə və surveyinq konfransı keçiriləcək və mən də orada iştirak edəcəyəm”.

Zaira Akifqızı
Tərcümə: Ayan Abbaslı

Paylaş: