Mayın 17-dən 18-nə keçən gecə Rusiya Dnepr və Odessa şəhərlərinə kütləvi zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjan məlumat yayıb.
“Rusiyanın Dneprə hücumu səbəbindən çoxmərtəbəli binanın damında yanğın baş verib. Dnepropetrovsk bölgəsində ruslar pirotexniki məhsulların saxlanıldığı anbara hücum ediblər. Şəhərdə və Dnepropetrovsk vilayətində 26 nəfər yaralanıb. Onların arasında 2 yaşlı qız və 10 yaşlı oğlan da var”, – deyə o bildirib.
Həmçinin 18 may gecəsi Rusiya qoşunları Odessaya hücum edib. Pilotsuz təyyarələrin zərbələri nəticəsində yaşayış binalarına ziyan dəyib, bəziləri isə yanğına səbəb olub. 11 yaşlı uşaq yaralanıb.
Ekspertlər bunu Moskvaya hücumların qisası kimi qiymətləndirir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin 17 may gecəsi Moskvaya dron hücumu bir ildən çox müddətdə ən böyük hücum olub:təkcə gecə yarısından bəri hava hücumundan müdafiə qüvvələri 81, son 24 saat ərzində isə 120-dən çox dron vurub.
Əliyar Xəlil
Globalinfo.az