
“NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın tələblərini qarşılamaq məqsədilə Avropanın aparıcı silah istehsalçılarına təzyiq göstərməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, Rutte Brüsseldə “Rheinmetall”, “Airbus”, “Saab” və MBDA daxil olmaqla iri müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək:
“Görüş zamanı əsas müzakirə mövzularından biri hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlərin istehsalının sürətləndirilməsi olacaq. NATO rəhbərinin şirkətlərdən daha sürətli investisiya qoyuluşu və istehsal gücünün artırılmasını tələb edəcəyi bildirilir.
Bundan başqa, alyansın Çin və Tayvan istehsalı komponentlərdən asılılığının azaldılması məsələsi də gündəmdə olacaq.
Bu addımların əsas məqsədi NATO ölkələrinin müdafiə xərclərinin artırılması ilə bağlı Trampa real nəticələr göstərməkdir”.
Qeyd olunur ki, Ruttenin müdafiə şirkətləri ilə keçirəcəyi görüş iyul ayında Ankarada baş tutacaq NATO sammitinə hazırlığın əsas hissəsi hesab olunur.
Sammitdə alyansın müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq istiqamətində irəliləyiş nümayiş etdirməsi gözlənilir.
Safura Bənnayeva
Globalinfo.az