Prezident İlham Əliyev Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Türk dünyasının rəqəmsal inteqrasiyası, Orta Dəhlizin inkişafı, süni intellektin təhlükəsiz tətbiqi və Bakıda keçiriləcək beynəlxalq tədbirlərlə bağlı mühüm mesajlar verib.
Dövlət başçısı Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə veriləcəyini, Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəyini və Türk dünyası ölkələri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycanın Türk dünyası ilə əməkdaşlığında artıq təkcə siyasi yaxınlıq deyil, texnoloji, nəqliyyat və rəqəmsal inteqrasiya xətti də ön plana çıxır.
“Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin istifadəyə verilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Çünki bu layihə Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu”nun əsas dayaqlarından birinə çevrilə bilər. Əgər əvvəllər region daha çox enerji və nəqliyyat dəhlizləri ilə gündəmə gəlirdisə, indi məlumat axınlarının təhlükəsiz və sürətli ötürülməsi də geosiyasi rəqabətin mühüm hissəsinə çevrilib.
Orta Dəhlizin əhəmiyyətinin artması, Zəngəzur dəhlizinin bu marşrutun əsas seqmentlərindən biri kimi gündəmə gəlməsi Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirir. Burada məsələ yalnız yükdaşımaların artması deyil, həm də Azərbaycan üzərindən keçən marşrutların siyasi və iqtisadi çəkisinin yüksəlməsidir.
Digər tərəfdən, Orta Dəhliz boyunca gömrük prosedurlarının sadələşdirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində “e-Permit” sisteminin tətbiqi inteqrasiyanın praktiki tərəfini göstərir. Yəni əməkdaşlıq artıq yalnız bəyanatlar səviyyəsində qalmır, real mexanizmlərlə dəstəklənir. Elektron icazə sistemi yükdaşımaların sürətini artırmaqla yanaşı, şəffaflığı və idarəetmə çevikliyini də gücləndirə bilər.

Züriyə Qarayeva
Süni intellektin məsuliyyətli və təhlükəsiz istifadəsinin prioritet kimi irəli sürülməsi isə göstərir ki, Türk dünyası rəqəmsal transformasiyanın yalnız imkanlarını deyil, risklərini də nəzərə almağa çalışır.
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksək səviyyəli dialoqu və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunacaq Türk Dünyası Həftəsi də bu prosesə mədəni və intellektual ölçü əlavə edir.
Beləliklə, Azərbaycan bu mərhələdə həm nəqliyyat, həm rəqəmsal infrastruktur, həm də mədəni diplomatiya baxımından Türk dünyasının əsas birləşdirici mərkəzlərindən biri kimi çıxış edir”.
Turan Rzayev
Globalinfo.az