Alimlər gələn ay ABŞ, Kanada və Meksikada keçiriləcək FIFA Dünya Çempionatı zamanı həm futbolçuların, həm də azarkeşlərin təhlükəli istilik şəraiti ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər. Bir qrup tədqiqatçının iqlim modelləri əsasında apardığı təhlilə görə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi stadionlarda və açıq hava tədbirlərində riskləri artırır. Araşdırmaya əsasən, turnirin 104 oyunundan təxminən 25 faizinin beynəlxalq futbolçular birliyi FIFPRO tərəfindən müəyyən edilən təhlükəsizlik hədlərini aşan temperatur və rütubət şəraitində keçirilməsi ehtimal olunur.
Bəs iqlim dəyişikliyinin yaratdığı ekstremal istilər gələcəkdə beynəlxalq idman yarışlarının keçirilmə qaydalarına necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, bu mövzu ilə bağlı yayılan məlumatların bir hissəsi sensasiya xarakterli qəbul olunsa da, iqlim dəyişikliklərinin təsiri artıq açıq şəkildə hiss olunur:
“Hazırda iqlim dəyişikliyi ilə bağlı təhlükələrin və fəsadların bu qədər ciddi nəticələr doğuracağını deyənlərə bəzən alim mövqeyi kimi yox, daha çox sosial şəbəkələrdə yayılan şişirdilmiş məlumat kimi yanaşılır. Halbuki iqlim dəyişiklikləri artıq özünü açıq şəkildə göstərir”.
Ekoloq qeyd edib ki, tarix boyu iqlim dəyişiklikləri baş verib:
“Hər əsrdə müəyyən dəyişikliklər müşahidə olunub. Lakin insan fəaliyyətinin, xüsusilə də 20-ci əsrdə baş verən iki dünya müharibəsinin, atom bombasından istifadənin, sənayenin sürətli inkişafının, ağır metallurgiyanın genişlənməsinin və kömürdən intensiv istifadənin nəticəsində Yer kürəsinin temperaturu təxminən 1,5 dərəcədən çox artıb. Buna baxmayaraq, uzun illər ekologiya və ətraf mühit sahəsində çalışan mütəxəssislərin səsi yetərincə eşidilmirdi. Yalnız 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərindən etibarən bu məsələlər daha ciddi müzakirə olunmağa başladı və qlobal istiləşmə beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildi. Xüsusilə 21-ci əsrdə iqlim böhranı artıq açıq şəkildə hiss olunmağa başlayandan sonra mövzu daha da aktuallaşdı”.
Qorxmaz İbrahimli
Q.İbrahimli deyib ki, ABŞ prezidentinin ilk hakimiyyəti dövründə Paris İqlim Sazişindən çıxmaq qərarı qlobal istiləşməyə qarşı mübarizəyə mənfi təsir göstərib:
“Buna baxmayaraq, dünya ölkələri iqlim dəyişikliklərinə qarşı mübarizəni davam etdirirlər. Bu gün yaşıl enerji, külək enerjisi, alternativ enerji mənbələri və ağır sənayedən asılılığın azaldılması istiqamətində atılan addımlar məhz iqlim dəyişikliyinin təsirlərini zəiflətməyə yönəlib. İnsanlıq müəyyən mənada əvvəlki səhvlərini düzəltməyə, təbiətə vurduğu zərəri azaltmağa çalışır”.
Ekoloq hesab edir ki, bu il keçiriləcək Dünya Çempionatı zamanı ciddi və faciəvi problemlərin yaşanması ehtimalı yüksək deyil:
“Təbii ki, həm idmançıların sağlamlığı, həm də oyunları izləməyə gələcək minlərlə insanın təhlükəsizliyi vacib məsələdir və təşkilatçılar bunu nəzərə alacaqlar. Gələcəkdə isə xüsusilə yay aylarında və isti iqlim şəraitində keçiriləcək turnirlərlə bağlı müəyyən dəyişikliklər edilə bilər. Məsələn, oyunların vaxtı dəyişdirilə və ya bəzi qarşılaşmalar daha uyğun hava şəraitinə uyğunlaşdırıla bilər. Kanadada və ABŞ-da öldürücü istilərin olacağını düşünmürəm. Meksika isə nisbətən isti ölkədir. Fikrimcə, gələcəkdə Dünya Çempionatına ev sahibliyi edəcək ölkələr seçilərkən artıq təkcə stadion infrastrukturu deyil, iqlim şəraiti də əsas meyarlardan birinə çevriləcək”.
Zaira Akifqızı
Globalinfo.az