“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə layihəsi əsasında Bakıda dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanıb. Yeni sistem sərnişinlərin kart və ya nağd vəsait olmadan turniketlərdən keçidini mümkün edir. “SİMA Pay”ın tətbiqi rəqəmsallaşma baxımından mühüm addım sayılır və biometrik məlumatların təhlükəsizliyini gündəmə gətirir.
Bu kimi üztanıma ilə ödəniş sistemlərinin tətbiqi nə dərəcədə təhlükəsizdir?
Globalinfo.az-a danışan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov deyib ki, xüsusən Rusiya və Çində üztanıma vasitəsi ilə alternativ ödəniş üsulları geniş şəkildə tətbiq olunur:
“Buraya həm “Visa” və “MasterCard” kimi beynəlxalq bank kartları, həm ölkədaxili ödəniş sistemləri, həm də biometrik texnologiyalar vasitəsilə həyata keçirilən ödənişlər daxildir. Bu tendensiya artıq bir çox ölkədə yayılmağa başlayıb və Azərbaycan da müasir rəqəmsal transformasiya çərçivəsində bu istiqamətə maraq göstərir. Əsas məqsəd daha təhlükəsiz və etibarlı ödəniş mühiti formalaşdırmaqdır. Üztanıma sistemləri daha faydalıdır. Çünki ənənəvi kart məlumatlarının oğurlanması, kiberhücumlar və şəxsi məlumatların üçüncü tərəflərə sızdırılması kimi risklər müasir maliyyə sistemində ciddi problemlər yaradır. Biometrik ödəniş sistemləri isə istifadəçinin barmaq izi, üztanıma və digər fərdi identifikasiya vasitələri üzərindən işlədiyi üçün təhlükəsizlik baxımından daha üstün hesab olunur”.
E.Abbasovun sözlərinə görə, bu sistemlərdə təsdiqləmə prosesi birbaşa istifadəçinin biometrik məlumatları ilə həyata keçirildiyindən saxtalaşdırma ehtimalı azalır və ödəniş əməliyyatlarının təhlükəsizliyi artır:
“Eyni zamanda, sürətli və rahat istifadə imkanları da biometrik texnologiyaların üstünlükləri sırasında göstərilir. Bu baxımdan, biometrik ödəniş sistemlərinin tətbiqi yalnız texnoloji yenilik deyil, həm də rəqəmsal iqtisadiyyatın müasir tələblərinə uyğunlaşma kimi qiymətləndirilə bilər. Azərbaycan üçün də bu istiqamət gələcəkdə maliyyə sektorunun daha innovativ, təhlükəsiz və çevik formaya keçidində mühüm rol oynamış olar”.
Zaira Akifqızı
Globalinfo.az
