Türkiyə və bir sıra müsəlman ölkələrində Qurban bayramı öncəsi aztəminatlı ailələrə maddi yardım, ərzaq kartı və sosial dəstək paketləri verilməsi ənənəyə çevrilib. Azərbaycanda isə əsasən qurban payları və xeyriyyə aksiyaları həyata keçirilir. Son günlər bayram öncəsi birbaşa maliyyə yardımlarının tətbiqi məsələsi yenidən müzakirəyə çıxarılıb.
Türkiyə modelinin Azərbaycanda tətbiqi nə dərəcədə mümkündür?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, əslində bu məsələ müəyyən dərəcədə insanların maddi imkanları ilə bağlıdır:
“İmkanı çatan şəxslər ehtiyacı olanlara dəstək göstərməlidirlər. Bu, təkcə müsəlmanlıq deyil, həm də humanist və mənəvi borcdur. Azərbaycan cəmiyyətində həmrəylik və qarşılıqlı yardımlaşma ənənələrinin daha da genişlənməsi vacibdir. Bu istiqamətdə dövlət səviyyəsində addımlar atılarsa, daha yaxşı olar. Qurban bayramı münasibətilə dövlətin insanlara istirahət və tətil imkanı yaratması həm milli, həm də dini dəyərlərə verilən önəmin göstəricisidir”.
Fazil Mustafa
Deputat bildirib ki, aztəminatlı ailələrə maddi yardım məsələsi isə büdcə imkanlarından asılıdır:
“Buna görə də bu barədə konkret fikir bildirmək çətindir. Lakin imkanlı şəxslər qonşularına, yaxınlarına və qohumlarına dəstək göstərə bilərlər. Bu, nümunəvi addım olmaqla yanaşı, eyni zamanda cəmiyyətdə həmrəyliyin güclənməsinə töhfə verər”.
Ləman İmran
Globalinfo.az