WhatsApp Image 2026 02 10 at 10.40.18 1

Regionda siyasi proseslərin gərginləşməsi Cənubi Qafqazda yeni riskləri gündəmə gətirib. Belə ki, Ermənistanda seçkiöncəsi vəziyyət daha da gərginləşib. Son günlər Rusiya ilə Baş nazir Nikol Paşinyan arasında diplomatik gərginlik və qarşılıqlı ittihamların artdığı bildirilir. Eyni zamanda, Fransa başda olmaqla bəzi Avropa ölkələrinin İrəvana dəstəyi fonunda proseslərə müdaxilə cəhdləri müşahidə edilir. Bu addımların Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə mənfi təsir göstərə biləcəyi qeyd olunur. Rəsmi Bakı isə baş verənlərlə bağlı narahatlığını ifadə edərək bir sıra məsələlərə sərt etirazını bildirib.

Yaşanan bu gərginliyin səngimə ehtimalı varmı? Prosesin Azərbaycana mümkün təsirləri nə ola bilər?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, ötən həftənin cümə günündən etibarən Ermənistanda rəsmi şəkildə seçki kampaniyasına start verilib:

“Gözlənildiyi kimi, Paşinyana qarşı müxalif qüvvələr fəallaşıb. Xüsusilə keçmiş prezident Robert Köçəryanın bloku, rusiyalı oliqarx Samvel Karapetyanın çevrəsi və iş adamı Qaqik Çarukyanın komandası ön plana çıxmağa çalışır. Müxalifətin əsas hədəfi Paşinyanın siyasəti və onun irəli sürdüyü sülh gündəliyidir. Onlar Paşinyanı Ermənistanın maraqlarını zəiflətməkdə və ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirlər. Bu prosesdə ənənəvi siyasi üsullardan, yəni qarayaxma və gözdənsalma kampaniyalarından geniş istifadə olunur. Eyni zamanda, Rusiyanın təbliğat resursları açıq şəkildə Paşinyanın rəqiblərinə dəstək verir. Digər tərəfdən, Paşinyan hakimiyyəti ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrinin dəstəyini almağa çalışır. Bu mənada Ermənistanda ciddi geosiyasi rəqabət müşahidə olunur. Daha əvvəl oxşar proseslər Moldovada yaşansa da, Ermənistanda qarşıdurmanın daha gərgin keçəcəyi gözlənilir”.

zaur ibrahimli 12

Zaur İbrahimli

Politoloq bildirib ki, Moskva artıq proseslərdə açıq şəkildə iştirak etməyə başlayıb:

“Bu mərhələdə Köçəryan və tərəfdarları yenidən Qarabağ mövzusunu gündəmə gətirirlər. Rusiyanın informasiya resursları da bu təşəbbüslərə ciddi dəstək verir. Rusiya səfirinin qondarma separatçı rejimin keçmiş nümayəndələrini səfirliyə dəvət etməsi də diqqət çəkən siqnaldır. Gözlənilir ki, Rusiya seçki dövründə Qarabağ məsələsinin gündəmdə saxlanılmasına çalışacaq. Paralel olaraq, Aİ ölkələrinin, xüsusilə Fransanın Paşinyana dəstəyi müşahidə olunur. Lakin bir çox hallarda Fransanın, xüsusən Makron administrasiyasının addımlarının Paşinyana faydadan çox, zərər verdiyi qeyd edilir. Fransanın təsiri ilə Niderland və Belçika parlamentlərində qəbul olunan qətnamələrin daşnak mövqeyinə yaxın olduğu və Paşinyanın irəli sürdüyü sülh platforması ilə ziddiyyət təşkil etdiyi bildirilir. Bununla yanaşı, Rusiya, Avropa və ABŞ-dakı erməni diasporunun da Paşinyana qarşı daha fəal mövqe tutduğu müşahidə edilir. Ehtimal olunur ki, seçki prosesində bu qüvvələr müxalifətə əlavə dəstək verəcəklər. Bu şəraitdə Paşinyanı dəstəkləyən qüvvələrin daha məsuliyyətli davranmasının vacibdir”.

Zaur İbrahimlinin sözlərinə görə, Azərbaycan tərəfi hesab edir ki, həm Ermənistan cəmiyyəti, həm də Paşinyan komandası sülh prosesinə zərər vura biləcək təşəbbüslərə daha sərt münasibət göstərməlidir:

“Çünki əldə olunan nəticələrin qorunması və sülh prosesinin davam etməsi bunu tələb edir. Hazırda Ermənistanda sülh məsələsi daxili siyasi mübarizənin əsas mövzularından birinə çevrilib. Fransa diplomatiyasının və Rusiyanın müxtəlif vasitələrlə prosesə təsir göstərməyə çalışdığı bildirilir. Bu baxımdan Ermənistan cəmiyyəti tarixi seçim qarşısındadır. Ölkə yalnız yeni parlamentin tərkibini deyil, həm də gələcək inkişaf istiqamətini müəyyənləşdirir. Veriləcək qərarın həm Ermənistanın siyasi kursuna, həm də regionda sülh prosesinin gələcəyinə ciddi təsir göstərəcək. Prezident İlham Əliyev də Zəngilandakı çıxışında bu məsələyə xüsusi diqqət çəkərək yanlış seçimin mümkün nəticələri barədə xəbərdarlıq edib. Azərbaycan diplomatiyası hesab edir ki, sülh prosesinin uğuru yalnız hökumətlərin deyil, cəmiyyətlərin də məsuliyyətli yanaşmasından asılıdır. Erməni cəmiyyətinin sülh gündəliyinə sahib çıxmasının və onu xarici təsirlərdən qorumasının vacibliyi qeyd olunur. Eyni zamanda, Avropa siyasətçiləri və diplomatlarına da çağırış edilir ki, onlar bu həssas mərhələdə daha məsuliyyətli davransınlar, revanşist qüvvələri təşviq edə biləcək açıqlama və addımlardan çəkinsinlər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: