“Bu gün Ermənistanın müəyyən bəyanatlarında sülh gündəliyinə uyğun fikirlər səsləndirməyə çalışması diqqət çəkir. Məhz buna görə biz həm Avropada, həm də Ermənistan daxilində geniş təbliğat kampaniyasının şahidi oluruq. Məqsəd Nikol Paşinyanı beynəlxalq ictimaiyyətə “sülh tərəfdarı lider” kimi təqdim etməkdir”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, indiki mərhələdə Ermənistanı sülhə yaxınlaşdıran əsas amil Azərbaycanın yaratdığı siyasi və geosiyasi reallıqdır.
“Bu gün Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu nümayiş etdirir. Lakin bunun hansı hüquqi və siyasi çərçivədə baş verəcəyi hələ danışıqlar prosesinin nəticələrindən asılıdır. Açıq danışmaq lazımdır ki, burada müəyyən təzyiq faktorları da mövcuddur və Azərbaycan bu təsir imkanlarından məhz sülh naminə istifadə edir.
Əgər bu təzyiq və yeni reallıq olmasaydı, nə Ermənistan rəhbərliyindən, nə də digər dairələrdən bu qədər “sülh bəyanatları” eşidərdik. Buna görə də biz proseslərə son dərəcə diqqətli yanaşmalıyıq. Təəssüf ki, bəzən mediada Paşinyanı sanki “sülhün simvolu” kimi təqdim etməyə çalışan yanaşmalar da müşahidə olunur. Hətta elə təsvir yaradılır ki, guya onun əsas ideyası həmişə sülh olub.
Halbuki reallıq tam fərqlidir. Biz bilmədən onların formalaşdırdığı təbliğat xəttinə dəstək verməməliyik. Düzgün mövqe odur ki, Ermənistan hakimiyyəti və Paşinyan komandası məhz Azərbaycanın yaratdığı təsir və təzyiq mexanizmləri nəticəsində sülhə meyil göstərməyə başlayıb”.
T.Zülfüqarov qeyd edib ki, həm Rusiya, həm də Fransa tərəfindən Ermənistanı bu mövqedən uzaqlaşdırmağa yönəlmiş addımlar atılır:
“Azərbaycan bütün bunları düzgün qiymətləndirməli və adekvat şəkildə cavab verməlidir. Ümumiyyətlə, Ermənistanın müəyyən mənada daha müstəqil və suveren siyasət yürütməyə başlamasının əsas səbəblərindən biri də məhz Azərbaycanın həyata keçirdiyi siyasətdir”.
Safura Bənnayeva
Globalinfo.az