ehali 9

Azərbaycanda son 85 ilin ən yüksək boşanma göstəriciləri qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanma nisbəti 2,1 olub. Bu göstərici ilə ölkəmiz 6-cı yerdə qərarlaşıb, ilk pillələrdə isə Gürcüstan, Latviya, Litva, Türkiyə və Estoniya yer alır.

Boşanmalara psixoloji vəziyyət nə dərəcədə təsir göstərir? Göstəricilərin artmaması üçün ər və arvadın psixologiyasını öncədən hansısa formada yoxlamaq mümkündürmü?

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, boşanmaların artması təsadüfi deyil:

“Bu, sadəcə statistika deyil, ailələrin içində yığılıb qalan emosiyaların, danışılmayan problemlərin nəticəsidir. Çox vaxt insanlar düşünür ki, boşanmanın səbəbi yalnız maddi çətinliklər və ya xəyanətdir. Amma reallıqda münasibətləri dağıdan əsas amillərdən biri tərəflərin psixoloji vəziyyətidir. Gündəlik stress, iş problemləri, daxili narahatlıqlar, hətta uşaqlıqdan gətirilən travmalar belə ailə münasibətlərinə təsir edir. İnsan yorğun, əsəbi olanda və ya özünü anlaşılmamış hiss edəndə bunu ən yaxın insana, həyat yoldaşına yönəldir. Əgər cütlük bir-birini dinləməyi, başa düşməyi və emosiyalarını sağlam şəkildə ifadə etməyi bacarmırsa, kiçik mübahisələr zamanla böyük uçuruma çevrilir”.

zeyneb

Zeynəb Əyyubova

Psixoloq bildirib ki, bir çox cütlük münasibətə “öz-özünə düzələr” düşüncəsi ilə yanaşır:

“Amma münasibətlər də qayğı istəyir. Ünsiyyət olmayanda, empatiya zəifləyəndə, tərəflər bir-birindən uzaqlaşır. Nəticədə isə artıq problem boşanmaq həddinə çatanda kömək axtarılır. Bunun qarşısını almaq müəyyən qədər mümkündür. Necə ki, insanlar sağlamlıq üçün “çek-ap” edirlər, eyni şəkildə münasibətlər üçün də “psixoloji çek-ap” lazımdır. Nikahdan əvvəl psixoloqla görüşmək, bir-birinin gözləntilərini, xarakterini, həyatdan nə istədiyini anlamaq çox vacibdir. Bu, “uyğun deyilsiniz” demək üçün yox, gələcəkdə problemləri daha az yaşamaq üçündür. Ən önəmlisi isə odur ki, insanlar kömək istəməkdən çəkinməsin. Psixoloqa getmək problemli olmaq demək deyil, əksinə, münasibəti qorumaq istəmək deməkdir. Sağlam ailə təsadüfən yaranmır. O, anlayış, səbr və üzərində işlənən münasibətin nəticəsidir”.

Xatırladaq ki, Azərbaycanda nikah sayı da tarixi rekordu yeniləmişdi. Belə ki, 2011-ci ildə 88 min 145 nikah qeydə alındığı halda, ötən il bu göstərici 48 min 546 olub. Bu isə o deməkdir ki, son 15 ildə nikahların sayı 2 dəfəyə yaxın azalıb. Bu ilin ilk 2 ayında isə əhalinin hər 1000 nəfərinə nikahların sayı tarixi minimuma, yəni 3,2-yə enib.

Ləman İmran
Globalinfo.az

Paylaş: